Dövlət İnvestisiya Proqramının tərtibi və qiymətləndirilməsi ilə bağlı yeni qaydalar təsdiqləndi
Prezident İlham Əliyev Dövlət investisiya proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
Fərman dövlət investisiya xərclərinin səmərəliliyinin artırılması, dövlət investisiya proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə imzalanıb.
Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasında Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
1.2. Bu Qaydaların 2-ci (2.1 – 2.4-cü, 2.14-cü, 2.17-ci və 2.18-ci bəndlər istisna olmaqla), 3 – 5-ci, 7-ci və 8-ci hissələri müdafiə, təhlükəsizlik və hərbi təyinatlı investisiya layihələrinə şamil edilmir.
1.3. Dövlət İnvestisiya Proqramında nəzərdə tutulan tədbirlərin icrasının əlaqələndirilməsini və onların yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – İqtisadiyyat Nazirliyi) həyata keçirir.
1.4. Bu Qaydaların məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.4.1. Dövlət İnvestisiya Proqramı (bundan sonra – Proqram) – ortamüddətli dövr üçün dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) və bu Qaydalarda nəzərdə tutulan digər mənbələr hesabına investisiya xərclərinin istiqamətlərini, müddətini, həcmini, sifarişçi təşkilatları və sifarişçi təşkilatlar üzrə investisiya layihələrinin adlı siyahısını müəyyən edən sənəd;
1.4.2. sifarişçi təşkilatların investisiya proqramları – keçid investisiya layihələrinin, həmçinin layihə konsepsiya sənədi əsasında İqtisadiyyat Nazirliyi tərəfindən müsbət rəy verilərək prioritet dövlət investisiya layihələrinin siyahısına daxil edilən yeni investisiya layihələrinin məcmusu;
1.4.3. investisiya xərcləri – Proqrama uyğun olaraq sifarişçi təşkilatların aktivlərinin artırılması (tikintisi, əsaslı təmiri, bərpası, yenidən qurulması, avadanlıq və inventarla təchizatı, proqram təminatının yaradılması və s.) üçün nəzərdə tutulan xərclər;
1.4.4. investisiya layihəsi – qarşıya qoyulmuş ümumi məqsədə çatmaq üçün yeni aktivlərin yaradılmasına, mövcud aktivlərin əsaslı təmirinə, bərpasına, yenidən qurulmasına, habelə avadanlıq, inventar və maşın-mexanizmin təchizatına yönəldilmiş və müəyyən edilmiş müddət ərzində görüləcək işlərin təsviri;
1.4.5. ilkin rəy – iri investisiya layihələri üzrə hazırlanmış layihə konsepsiya sənədinə dair İqtisadiyyat Nazirliyinin rəyi;
1.4.6. aralıq rəy – ilkin texniki-iqtisadi əsaslandırma sənədinə dair İqtisadiyyat Nazirliyinin yekun təsdiqi bildirməyən rəyi;
1.4.7. yekun rəy – investisiya layihəsinin ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına, strategiyasına və dövlət proqramlarına uyğunluğu, iqtisadi və sosial əhəmiyyəti baxımından icrasının məqsədəuyğunluğu barədə İqtisadiyyat Nazirliyinin rəyi;
1.4.8. prioritet dövlət investisiya layihələrinin siyahısı – sifarişçi təşkilatın hazırlayıb İqtisadiyyat Nazirliyinə təqdim etdiyi və İqtisadiyyat Nazirliyi tərəfindən barəsində müsbət rəy verilən investisiya layihələrinin məcmusu;
1.4.9. sifarişçi təşkilat – dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət adından yaradılan publik hüquqi şəxslər, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və digər dövlət müəssisə və təşkilatları (idarələri);
1.4.10. investisiya layihəsinin icraçısı (podratçısı) – müəyyən edilmiş müddətdə və maliyyə vəsaiti çərçivəsində investisiya layihəsinin həyata keçirilməsi məqsədilə sifarişçi təşkilat tərəfindən normativ hüquqi aktlara uyğun olaraq satınalma yolu ilə cəlb edilmiş hüquqi və ya fiziki şəxs;
1.4.11. investisiya layihəsinin icrasının monitorinqi – investisiya layihəsinin həyata keçirilməsinin yoxlanılması, investisiya obyektinə baxış keçirilməsi, investisiya layihəsinin icrası barədə məlumatların toplanılması, təhlili və işlərin layihə büdcəsinə və icra qrafikinə uyğunluğunun yoxlanılması;
1.4.12. investisiya layihəsinin nəticələrinin qiymətləndirilməsi – investisiya layihəsinin icrasının tamamlanmasından və investisiya obyektinin istismara verilməsindən azı 6 (altı) ay keçdikdən sonra onun icrasının nəticələrinin və təsirinin müəyyən edilməsi;
1.4.13. layihə konsepsiya sənədi – təklif edilən yeni investisiya layihələrinin göstəriciləri barədə məlumatları özündə əks etdirən sənəd;
1.4.14. texniki-iqtisadi əsaslandırma – investisiya layihəsinin texniki, iqtisadi və maliyyə cəhətdən həyata keçirilməsinin məqsədəuyğunluğunun qiymətləndirilməsini, o cümlədən GZİT (güclü tərəflər, zəif tərəflər, imkanlar, təhlükələr) təhlilini, risklərin qiymətləndirilməsini, hüquqi və ekoloji aspektləri özündə əks etdirən sənəd;
1.4.15. investor – investisiya fəaliyyətini həyata keçirən Azərbaycan Respublikası vətəndaşı, Azərbaycan Respublikasının hüquqi şəxsi, həmçinin əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər və onların filial və nümayəndəlikləri, beynəlxalq təşkilatlar;
1.4.16. keçid investisiya layihələri – Proqram çərçivəsində icra olunan, lakin icrası bir büdcə ilindən artıq müddəti əhatə edən investisiya təklifləri;
1.4.17. yeni investisiya layihələri – sifarişçi təşkilatlar tərəfindən bu Qaydaların 3-cü hissəsinin tələblərinə əsasən hazırlanaraq İqtisadiyyat Nazirliyinə təqdim olunan investisiya təklifləri;
1.4.18. investisiya layihəsinin icrası – investisiya layihəsinin maliyyələşdirilməsi ilə onun tamamlanması arasındakı müddət (texniki-iqtisadi əsaslandırmanın, layihə-smeta sənədlərinin hazırlanması və bütün digər hazırlıq tədbirlərinin görülməsi müddətləri istisna olmaqla) və tədbirlər;
1.4.19. icra planı – layihənin icrasına yönəlmiş ardıcıl tapşırıqları, məsuliyyəti, resursları və vaxt qrafiklərini əks etdirən sənəd;
1.4.20. investisiya layihələrinin qiymətləndirilməsi – sifarişçi təşkilatlar tərəfindən təqdim edilmiş layihə konsepsiya sənədinin, ilkin texniki-iqtisadi əsaslandırma və texniki-iqtisadi əsaslandırma sənədlərinin təhlili;
1.4.21. layihə-smeta sənədləri – şəhərsalma və tikinti normativ sənədləri ilə müəyyən edilmiş və konkret obyektin tikintisi (inşası, təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı hazırlanmış, habelə tikintiyə sərf ediləcək maliyyə xərclərinin əks olunduğu sənədlər;
1.4.22. Proqramın rasionallaşdırılması – dövlət vəsaitindən səmərəli və qənaətlə istifadəni təmin etmək məqsədilə Proqrama daxil edilən investisiya layihələrinin təhlili nəticəsində Proqramın optimallaşdırılması prosesi.
1.5. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
2. Proqramın tərtibi və icrası
2.1. Proqramın layihəsi ortamüddətli sosial-iqtisadi inkişaf konsepsiyaları, strategiyaları və dövlət proqramları əsasında investisiya siyasətinin başlıca istiqamətləri və prioritetləri, eləcə də Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi prioritetlər (layihələr) nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən tərtib edilir.
2.2. Proqram bu Qaydalara əsasən prioritet dövlət investisiya layihələrinin siyahısına daxil edilən investisiya layihələrindən və Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Proqrama daxil edilmiş layihələrdən, o cümlədən müdafiə, təhlükəsizlik və hərbi təyinatlı investisiya layihələrindən formalaşdırılır.
2.3. Proqram aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:
2.3.1. dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri);
2.3.2. birgə maliyyələşdirmə;
2.3.3. qrantlar.
2.4. Proqrama daxil edilmiş layihələrin birgə maliyyələşdirilməsi üçün bu Qaydaların 2.3.1-ci və (və ya) 2.3.3-cü yarımbəndlərində nəzərdə tutulmuş mənbə ilə yanaşı cəlb olunan vəsaitlər aşağıdakılardır:
2.4.1. dövlət zəmanəti ilə dövlət tərəfindən cəlb edilən borc vəsaiti;
2.4.2. dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən dövlət zəmanəti olmadan cəlb edilən borc vəsaiti;
2.4.3. büdcədənkənar dövlət fondlarının investisiya xərcləri;
2.4.4. dövlət büdcəsinin məqsədli büdcə fondlarının vəsaiti;
2.4.5. səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin vəsaiti;
2.4.6. dövlət adından yaradılan publik hüquqi şəxslərin vəsaiti;
2.4.7. büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənar vəsaiti;
2.4.8. dövlət–özəl tərəfdaşlığı çərçivəsində icra edilən layihələrdə özəl tərəfdaş və kreditorlar tərəfindən təmin edilən vəsait;
2.4.9. Naxçıvan Muxtar Respublikasının büdcəsi;
2.4.10. dövlət büdcəsinin ehtiyat fondları;
2.4.11. dövlət büdcəsinin bölüşdürülməmiş xərcləri;
2.4.12. qanunla qadağan olunmayan digər mənbələr.
2.5. Proqramın tərtib olunması məqsədilə sifarişçi təşkilatlar, İqtisadiyyat Nazirliyinin müraciətinə əsasən, keçid investisiya layihələrini və layihə konsepsiya sənədi müsbət qiymətləndirilərək prioritet dövlət investisiya layihələrinin siyahısına daxil edilən yeni investisiya layihələrini, habelə bu Qaydaların 2.7-ci bəndi ilə müəyyən edilmiş tələblərə uyğun olaraq ortamüddətli dövr üçün investisiya proqramlarının ilkin layihəsini hər il fevralın 20-dək (paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan və Müşahidə Şurası mövcud olan hüquqi şəxslər Müşahidə Şurasının müvafiq qərarı ilə birlikdə) İqtisadiyyat Nazirliyinə təqdim edirlər.
2.6. Sifarişçi təşkilatların investisiya proqramları Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi sahələrin sektorlar üzrə strateji planları nəzərə alınaraq tərtib olunur.
2.7. Sifarişçi təşkilatlar investisiya proqramlarında təklif olunan investisiya layihələrinin Proqrama daxil edilməsi üçün aşağıdakı sənədləri və məlumatları İqtisadiyyat Nazirliyinə təqdim edirlər:
2.7.1. investisiya layihələri üzrə növbəti büdcə ili və layihə tamamlanana qədər sonrakı illər üçün pul vəsaiti axınının proqnozunu;
2.7.2. keçid investisiya layihələri üzrə bağlanılmış müqavilələrin surətini;
2.7.3. növbəti ildə başlanılması təklif olunan yeni investisiya layihələrinin dövlət ekspertizasından keçirilmiş və təsdiq edilmiş layihə-smeta sənədlərini;
2.7.4. növbəti ildən sonrakı üç il müddətində başlanılması təklif olunan yeni investisiya layihələri üçün texniki-iqtisadi əsaslandırmaları, habelə dövlət ekspertizasından keçirilmiş və təsdiq edilmiş layihə-smeta sənədlərini;
2.7.5. hər bir investisiya layihəsinin maliyyələşdirilmə mənbələri (bu Qaydaların 2.3-cü və 2.4-cü bəndlərində nəzərdə tutulan mənbələr dəqiq göstərilməklə) barədə məlumatları;
2.7.6. İqtisadiyyat Nazirliyinin sorğusuna əsasən, investisiya layihələrinin xüsusiyyətlərindən asılı olaraq investisiya layihəsinə dair digər məlumatları.
2.8. İnvestisiya layihələrinə dair bu Qaydaların 2.7-ci bəndində nəzərdə tutulan sənədlər və məlumatlar təqdim olunmadığı təqdirdə, həmin investisiya layihələri Proqrama daxil edilmir.
2.9. İqtisadiyyat Nazirliyi sifarişçi təşkilatların investisiya təkliflərinə əsasən, hər ortamüddətli dövr üçün dövlət büdcəsində dövlət investisiya xərcləri üçün tələb olunan vəsaitin həcmi barədə cari il martın 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) sorğu göndərir.
2.10. Maliyyə Nazirliyi hər ortamüddətli dövr üçün dövlət büdcəsində dövlət investisiya xərclərinin ilkin ortamüddətli göstəricilərini cari il martın 31-dək, dəqiqləşdirilmiş məbləğini isə iyulun 20-dək İqtisadiyyat Nazirliyinə təqdim edir.
2.11. Maliyyə Nazirliyinin təqdim etdiyi investisiya xərclərinin məbləğinə uyğun olaraq, İqtisadiyyat Nazirliyi keçid və yeni investisiya layihələri, habelə sifarişçi təşkilatların investisiya proqramları əsasında ortamüddətli dövr üçün Proqramın müvafiq istiqamətlər üzrə ilkin layihəsini cari il aprelin 5-dək Azərbaycan Respublikasının İqtisadi Şurasına, aprelin 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə (bundan sonra – Nazirlər Kabineti), müvafiq istiqamətlər üzrə dəqiqləşdirilmiş layihəsini dövlət büdcəsinə uyğunlaşdırmaq məqsədilə avqustun 1-dək Maliyyə Nazirliyinə, növbəti il üçün dövlət büdcəsinin layihəsinə dair rəyin hazırlanması məqsədilə sentyabrın 15-dək Azərbaycan Respublikasının Hesablama Palatasına (bundan sonra – Hesablama Palatası) təqdim edir.
2.12. Sifarişçi təşkilatlar İqtisadiyyat Nazirliyi tərəfindən bu Qaydalara uyğun olaraq müsbət yekun rəy verilmiş investisiya layihələri əsasında növbəti ilin dəqiqləşdirilmiş investisiya proqramının layihəsini, o cümlədən Azərbaycan İnvestisiya Holdinqinin və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin idarəetməsinə verilmiş dövlət qurumlarının növbəti il üçün həmin holdinqlərin müşahidə şuralarının qərarlarında dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərclər) hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuş investisiya proqramlarının (investisiya layihələrinin) dəqiqləşdirilmiş layihəsini (qərarla birlikdə) cari il dekabrın 1-dək İqtisadiyyat Nazirliyinə təqdim edir. Bu tarixdən sonra təqdim edilən təkliflərə baxılmır.
2.13. İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən cari il dekabrın 25-dək dövlət investisiya proqramına daxil edilmiş və maliyyələşdirilməsi dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən həyata keçirilən layihələrin icra vəziyyətinə baxılır.
2.14. İqtisadiyyat Nazirliyi hər il dekabrın 25-dək Proqrama daxil edilmiş keçid investisiya layihələrinin icra vəziyyəti və yeni investisiya layihələrinin qiymətləndirilməsi nəticələri nəzərə alınmaqla və Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Proqrama daxil edilmiş layihələr, o cümlədən müdafiə, təhlükəsizlik və hərbi təyinatlı investisiya layihələri də daxil olmaqla, növbəti ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünün layihəsini hazırlayır və təsdiq edilmək üçün hər il yanvarın 10-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
2.15. Dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulmuş vəsaitin bölgüsü təsdiq edildikdən sonra sifarişçi təşkilatlar 10 (on) gün müddətində, bu Qaydaların 2.3-cü və 2.4-cü bəndlərində göstərilən mənbələr də nəzərə alınmaqla, büdcə ili üçün investisiya layihələri üzrə icra planını İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi formaya uyğun olaraq təsdiqləyib İqtisadiyyat Nazirliyinə təqdim edirlər.
2.16. Proqrama daxil edilən investisiya layihələrinin icrası bu Qaydaların 2.3-cü və 2.4-cü bəndlərində göstərilmiş maliyyələşmə mənbələri üzrə hər il üçün ayrılan vəsait hesabına və sifarişçi təşkilatlar tərəfindən hər il üzrə təsdiq edilən icra planına əsasən təmin olunur.
2.17. Dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulmuş vəsaitin bölgüsü təsdiq edildikdən sonra Maliyyə Nazirliyi həmin bölgüdə göstərilən investisiya layihələri üzrə nəzərdə tutulan vəsaitin ayrılmasını təmin edir və investisiya layihələrinin maliyyələşməsinə dair aylıq məlumatları növbəti ayın 5-dək İqtisadiyyat Nazirliyinə təqdim edir.
2.18. Cari ilin dövlət büdcəsində dəyişiklik edilməsi ilə əlaqədar dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün əlavə vəsait nəzərdə tutularsa, cari ilin təsdiq olunmuş bölgüsündə də müvafiq dəyişiklik edilir və İqtisadiyyat Nazirliyi tərəfindən istiqamətlər üzrə bölgü 10 (on) iş günü müddətində Hesablama Palatasına təqdim edilir.
3. İnvestisiya layihələrinin tərtibi və qiymətləndirilməsi
3.1. İnvestisiya layihələri üzrə təkliflər sifarişçi təşkilatlar tərəfindən ölkənin ümumi sosial-iqtisadi inkişaf konsepsiyalarına, strategiyalarına və dövlət proqramlarına, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi prioritetlərə (layihələrə) və sektorlar üzrə strateji planlara uyğun olaraq səmərəlilik və effektivlik prinsipləri əsasında tərtib edilir.
3.2. İnvestisiya layihələri dəyərinə görə aşağıdakı kimi təsnifləşdirilir:
3.2.1. kiçik investisiya layihələri – dəyəri 30,0 milyon manata qədər olan investisiya layihələri;
3.2.2. orta investisiya layihələri – dəyəri 30,0 milyon manatdan 50,0 milyon manata qədər olan investisiya layihələri;
3.2.3. iri investisiya layihələri – dəyəri 50,0 milyon manatdan çox olan investisiya layihələri.
3.3. İnvestisiya layihələrinin qiymətləndirilməsi layihə konsepsiyası, ilkin texniki-iqtisadi əsaslandırma və texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması mərhələləri üzrə İqtisadiyyat Nazirliyi tərəfindən aparılır.
3.4. Sifarişçi təşkilatlar hər bir yeni investisiya layihəsi üzrə İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmiş formaya uyğun olaraq layihə konsepsiya sənədini cari il iyulun 1-dək İqtisadiyyat Nazirliyinə təqdim edirlər.
3.5. Layihə konsepsiya sənədində aşağıdakı məlumatlar əks etdirilir:
3.5.1. sifarişçi təşkilatın adı;
3.5.2. investisiya layihəsinin adı;
3.5.3. investisiya layihəsinin həyata keçiriləcəyi yer;
3.5.4. investisiya layihəsinin məqsədi və əsaslandırılması (layihə üçün tələbat, həlli nəzərdə tutulan konkret problem və gözlənilən nəticələr);
3.5.5. investisiya layihəsinin ölkənin ümumi sosial-iqtisadi inkişaf konsepsiyalarına, strategiyalarına və dövlət proqramlarına, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi prioritetlərə (layihələrə) və sektorlar üzrə strateji planlara uyğunluğu;
3.5.6. layihə məqsədinə çatmaq üçün alternativ variantlar;
3.5.7. investisiya layihəsinin strukturu və layihənin icrasına cəlb edilməsi proqnozlaşdırılan işçi sayı;
3.5.8. investisiya layihəsinin icra müddəti;
3.5.9. investisiya layihəsinin ehtimal olunan dəyəri və ona dair ilkin hesablamalar (o cümlədən kiçik və orta investisiya layihələrinin layihə-smeta sənədlərinin hazırlanmasının, iri investisiya layihələri üçün texniki-iqtisadi əsaslandırma sənədlərinin, dəyəri bu Qaydaların 3.2.3-cü yarımbəndində göstərilən məbləğin 3 mislindən yuxarı olan iri investisiya layihələri üçün ilkin texniki-iqtisadi əsaslandırma və texniki-iqtisadi əsaslandırma sənədlərinin, qanunla nəzərdə tutulmuş müvafiq razılaşdırmaların və torpaqların dövlət ehtiyacları üçün alınması işlərinin ehtimal olunan dəyəri);
3.5.10. investisiya layihəsinin davamlılığının təhlili (aktivlərə sahiblik (balans sahibi), əməliyyat və istismar məsuliyyəti, əməliyyat və istismar xərcləri);
3.5.11. investisiya layihəsi icra olunmadıqda gözlənilən nəticələr;
3.5.12. sosial təsirin qiymətləndirilməsinin tələb olunub-olunmayacağı barədə məlumatlar (kiçik və orta investisiya layihələri üzrə mövcud olduğu halda həmçinin sosial təsirlər);
3.5.13. investisiya layihəsinin həyata keçirilməsinin ətraf mühitə, o cümlədən iqlim dəyişikliyinə və atmosferə atılan karbon qazının miqdarının azaldılmasına təsiri;
3.5.14. investisiya layihəsinin maliyyələşdirilmə mənbəyi (bu Qaydaların 2.3-cü və 2.4-cü bəndlərində nəzərdə tutulan mənbələr dəqiq göstərilməklə);
3.5.15. investisiya layihəsinin yalnız dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirildiyi halda bunun zəruriliyinin əsaslandırılması;
3.5.16. investisiya layihəsinin icrası üçün satınalma və icra planı;
3.5.17. kənar maliyyələşdirmə nəzərdə tutulduğu halda potensial investorlar və maliyyələşdirmə şərtləri haqqında məlumat.
3.6. Bu Qaydaların 3.4-cü bəndində nəzərdə tutulmuş layihə konsepsiya sənədinə uyğun formada təqdim edilməyən investisiya təkliflərinə baxılmır.
3.7. Sifarişçi təşkilatın təqdim etdiyi layihə konsepsiya sənədi İqtisadiyyat Nazirliyi tərəfindən 60 (altmış) iş günü müddətində qiymətləndirilir və qiymətləndirmə nəticəsində sifarişçi təşkilata kiçik və orta investisiya layihələri üzrə yekun rəy, iri investisiya layihələri üzrə isə ilkin rəy təqdim edilir. Qiymətləndirmə bu Qaydaların 3.5-ci bəndində qeyd olunan məlumatlar əsasında aparılır.
3.8. Müsbət rəy verilmiş investisiya layihələri prioritet dövlət investisiya layihələrinin siyahısına daxil edilir.
3.9. Layihə konsepsiya sənədi əsasında müsbət rəy almış investisiya layihələri üzrə sifarişçi təşkilat həmin rəyə əsasən investisiya layihələrinin təsnifatından asılı olaraq aşağıdakı sənədlərin hazırlanmasını təmin edir (avadanlıq, inventar və maşın-mexanizmin təchizatını nəzərdə tutan investisiya layihələri istisna olmaqla):
3.9.1. kiçik və orta investisiya layihələri üzrə layihə-smeta sənədləri;
3.9.2. dəyəri bu Qaydaların 3.2.3-cü yarımbəndində göstərilən məbləğin 3 mislindən yuxarı olan iri investisiya layihələri üzrə ilkin texniki-iqtisadi əsaslandırma sənədləri və onun qiymətləndirilməsi;
3.9.3. dəyəri bu Qaydaların 3.2.3-cü yarımbəndində göstərilən məbləğin 3 mislinə qədər olan iri investisiya layihələri üzrə texniki-iqtisadi əsaslandırma sənədləri və onun qiymətləndirilməsi.
3.10. Kiçik və orta investisiya layihələrinin layihə-smeta sənədləri üzrə təsdiq edilmiş dəyəri bu Qaydaların 3.2.3-cü yarımbəndində göstərilən məbləğdən yuxarı olduğu təqdirdə, İqtisadiyyat Nazirliyi tərəfindən həmin investisiya layihələri üzrə texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması sifarişçi təşkilatlardan tələb edilir.
3.11. Dəyəri bu Qaydaların 3.2.3-cü yarımbəndində göstərilən məbləğin 3 mislindən yuxarı olan iri investisiya layihələri üzrə sifarişçi təşkilatlar tərəfindən ilkin texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanır və onlara dair İqtisadiyyat Nazirliyi tərəfindən müsbət aralıq rəy verildikdən sonra sifarişçi təşkilat texniki-iqtisadi əsaslandırma sənədlərini hazırlayır.
3.12. İlkin texniki-iqtisadi əsaslandırma sənədində aşağıdakı məlumatlar əks olunmalıdır:
3.12.1. investisiya layihəsi üzrə ümumi məlumatlar (layihənin adı, məqsədi, icra edildiyi ərazi və icra müddəti) və layihə tələbatının təhlili;
3.12.2. alternativ variantların təhlili;
3.12.3. hər variant üçün investisiya layihəsi üzrə xərclərin və əldə ediləcək mənfəətin ilkin hesablanması;
3.12.4. hər variant üzrə əsas risklər;
3.12.5. hər variant üzrə ətraf mühitə təsirin ilkin qiymətləndirilməsi;
3.12.6. hər variant üzrə sosial təsirin ilkin qiymətləndirilməsi.
3.13. Texniki-iqtisadi əsaslandırma sənədində aşağıdakı məlumatlar əks olunmalıdır:
3.13.1. investisiya layihəsinin aid olduğu sahədə mövcud vəziyyətin təhlili, mövcud və proqnozlaşdırılan tələbat, daxili və tələb olunduğu halda, xarici bazarlar üzrə aparılan araşdırmaların nəticələri;
3.13.2. alternativ variantların təhlili (və ya ilkin texniki-iqtisadi əsaslandırmada seçilmiş variantın təsdiqlənməsi);
3.13.3. müvafiq texniki əsaslandırma, alınacağı təqdirdə “nou-hau” barədə ətraflı məlumat, bağlanılmış niyyət protokollarının surətləri;
3.13.4. maliyyə mənbələrinin bölgüsü də daxil olmaqla, tələb olunan kapital xərclərinin ətraflı hesablamaları (investisiya layihəsinin bu Qaydaların 2.4.8-ci yarımbəndində göstərilən mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulursa, bunu təsdiq edən müvafiq sənədlər);
3.13.5. investisiya layihəsi üçün pul axınlarının hərəkəti (hesablamaları);
3.13.6. mümkün olduğu hallarda mənfəətin kəmiyyət ifadəsində təsviri (layihənin təsirinə məruz qalan benefisiarların sayı və faydanın bölgüsü daxil edilməklə);
3.13.7. gəlir və xərclərin təhlili (iqtisadi və maliyyə təhlili, o cümlədən xalis cari dəyər, daxili rentabellik norması, layihənin özünü ödəmə müddəti);
3.13.8. investisiya layihəsinin davamlılığı (fiskal məsələlər, aktivlərə sahiblik, əməliyyat və istismar məsuliyyəti, əməliyyat və istismar xərcləri);
3.13.9. iqlim dəyişikliyi də nəzərə alınmaqla ətraf mühitə təsirin qiymətləndirilməsi, o cümlədən investisiya layihəsinin iqlimə təsiri və iqlim dəyişikliyinin investisiya layihəsinə təsiri;
3.13.10. sosial təsirin qiymətləndirilməsi;
3.13.11. risklərin ətraflı təhlili;
3.13.12. GZİT (güclü tərəflər, zəif tərəflər, imkanlar, təhlükələr) təhlili.
3.14. İnvestisiya layihələri üzrə ilkin texniki-iqtisadi əsaslandırma, texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması və dövlət ekspertizası xərcləri bu Qaydaların 2.3-cü və 2.4-cü bəndlərində qeyd olunan mənbələr hesabına maliyyələşdirilir.
3.15. Hər ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) bölgüsündə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması, müstəqil ekspertlərin cəlb edilməsi məqsədilə həmin xərclərin 3 faizədək məbləğində əlavə vəsait nəzərdə tutulur və onun bölgüsü İqtisadiyyat Nazirliyinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.
3.16. İri investisiya layihələri üzrə yekun rəy texniki-iqtisadi əsaslandırma sənədləri əsasında verilir. Sifarişçi təşkilatlar İqtisadiyyat Nazirliyinin təsdiq etdiyi formanı dolduraraq, müvafiq sənədlərlə (aidiyyəti qurumların verdiyi rəy və tövsiyələr, sifarişçi təşkilat tərəfindən müstəqil qiymətləndirmə aparıldığı təqdirdə, onun nəticələri) birlikdə İqtisadiyyat Nazirliyinə təqdim edirlər. Təqdim edilmiş formaya uyğun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən dəyəri bu Qaydaların 3.2.3-cü yarımbəndində göstərilən məbləğin 3 mislindən yuxarı olan iri investisiya layihələri üzrə hazırlanan ilkin texniki-iqtisadi əsaslandırma sənədləri qiymətləndirilərək müsbət aralıq rəy verildikdən sonra sifarişçi təşkilat tərəfindən həmin investisiya layihələrinin texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanır.
3.17. İqtisadiyyat Nazirliyi investisiya layihələrinin qiymətləndirilməsini sifarişçi təşkilatlar tərəfindən təqdim edilmiş layihə konsepsiya sənədləri, ilkin texniki-iqtisadi əsaslandırma, texniki-iqtisadi əsaslandırma sənədləri (bu Qaydaların 3.4-cü və 3.16-cı bəndləri ilə müəyyən edilmiş formalar və digər layihə sənədləri) əsasında həyata keçirir.
3.18. İri investisiya layihələrinin qiymətləndirilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən müstəqil ekspertlər cəlb edilə bilər.
3.19. İnvestisiya layihəsi təkliflərinin məqsədəuyğunluğu bu Qaydaların 3.16-cı və 3.17-ci bəndlərində nəzərdə tutulan qiymətləndirmələrin nəticələrinə əsasən İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilir.
3.20. İnvestisiya layihələri prioritet dövlət investisiya layihələri siyahısından aşağıdakı hallarda çıxarılır:
3.20.1. İqtisadiyyat Nazirliyi tərəfindən investisiya layihəsinin qiymətləndirilməsinin bu Qaydaların 3.3-cü bəndində nəzərdə tutulan hər hansı mərhələsində mənfi rəy verildikdə və həmin mənfi rəyin nəticələrini aradan qaldırmaq mümkün olmadıqda;
3.20.2. investisiya layihəsinin icrası tamamlandıqda;
3.20.3. investisiya layihəsi digər maliyyə mənbəyi hesabına maliyyələşdirildikdə;
3.20.4. sifarişçi təşkilatın əsaslandırılmış təklifi əsasında;
3.20.5. bu Qaydaların 7-ci hissəsinə əsasən keçirilən monitorinqlərin nəticələrinə uyğun olaraq investisiya layihəsinin icrasının davam etdirilməməsi haqqında qərar qəbul edildikdə;
3.20.6. bu Qaydaların 8-ci hissəsinə uyğun olan rasionallaşdırma proseduru nəticəsində.
3.21. Prioritet dövlət investisiya layihələrinin siyahısında olan investisiya layihələrinin maliyyələşdirilməsi üçün vəsait ayrılmadıqda investisiya layihəsi prioritet dövlət investisiya layihələrinin siyahısında saxlanılır və vəsait ayrılması məsələsinə növbəti bölgü prosesləri zamanı baxılır.
4. İnvestisiya layihələrinin reytinqinin müəyyən edilməsi və prioritetləşdirilməsi
4.1. Bu Qaydaların 3.9-cu və 3.16-cı bəndlərinə uyğun olaraq müsbət yekun rəy alan investisiya layihələri üçün reytinqin müəyyən edilməsi və bunun əsasında prioritetləşdirmə proseduru tətbiq edilir.
4.2. İnvestisiya layihələrinin reytinqi bu Qaydaların 4.4-cü bəndində göstərilən meyarlar və onların nisbi çəkisi əsasında müəyyən edilir.
4.3. İnvestisiya layihələrinin reytinqinin müəyyən edilməsi və bunun əsasında prioritetləşdirilməsi İqtisadiyyat Nazirliyi tərəfindən ölkənin investisiya siyasətinin əsas istiqamətləri və prioritetləri nəzərə alınmaqla həyata keçirilir.
4.4. İnvestisiya layihələrinin reytinqi aşağıdakı meyarlar əsasında müəyyən edilir:
4.4.1. investisiya layihələrinin əhəmiyyəti və ölkənin strateji sənədlərlə müəyyən edilmiş dayanıqlı sosial-inkişaf məqsədlərinə, istiqamətlərinə və prioritetlərinə, eləcə də Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi prioritetlərə uyğunluğu;
4.4.2. investisiya layihələrinin icrasından gözlənilən sosial və iqtisadi təsir;
4.4.3. yaradılan yeni iş yerlərinin sayı və növü;
4.4.4. faydanın bölgüsü;
4.4.5. sifarişçi təşkilat tərəfindən müəyyən edilmiş prioritetlər;
4.4.6. investisiya layihəsinin ölkənin tədiyə balansına təsiri;
4.4.7. sifarişçi təşkilat tərəfindən əlavə maliyyələşdirmə mənbələrinin cəlb edilməsi.
4.5. İnvestisiya layihələri bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq müəyyən edilmiş reytinqlər əsasında prioritetləşdirilir. Bu zaman ən yüksək reytinqli investisiya layihəsi ən yüksək prioritetli investisiya layihəsi hesab olunur.
5. İcradan əvvəlki son nəzarət proseduru
5.1. Növbəti ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulmuş vəsaitin bölgüsü layihəsinə daxil edilməsi məqsədilə investisiya layihələrinin reytinqinin müəyyənləşdirilməsi və bunun nəticəsində prioritetləşdirilməsi prosedurundan sonra investisiya layihələrinin icraya tam hazırlığının müəyyən edilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən son nəzarət proseduru həyata keçirilir.
5.2. Son nəzarət proseduru İqtisadiyyat Nazirliyinin təsdiq etdiyi formada əks olunan məlumatlar (investisiya layihəsinə dair bu Qaydalarda nəzərdə tutulmuş məlumatlarla yanaşı, investisiya layihəsinin icrasında ləngimələrə və ya artıq xərclərə səbəb ola biləcək bütün amillər barədə məlumatlar da daxil olmaqla) əsasında aparılır.
5.3. Sifarişçi təşkilatlar investisiya layihələri üzrə bu Qaydaların 5.2-ci bəndində nəzərdə tutulan formanı dolduraraq İqtisadiyyat Nazirliyinə təqdim edirlər. Forma üzrə təqdim edilən məlumatlar əsasında İqtisadiyyat Nazirliyi tərəfindən 10 (on) iş günü müddətində icradan əvvəlki son nəzarət proseduru həyata keçirilir.
5.4. Son nəzarət prosedurundan keçən investisiya layihələri dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulmuş vəsaitin bölgüsü layihəsinə daxil edilir.
5.5. Bu Qaydaların 5.3-cü bəndində göstərilən son nəzarət prosedurundan keçməyən investisiya layihələri prioritetləşdirmə və reytinqin müəyyənləşdirilməsi prosedurunda yüksək reytinq alan digər investisiya layihələri ilə əvəz edilir.
5.6. İnvestisiya layihəsi aşağıdakı hallarda son nəzarət prosedurundan keçməmiş hesab olunur:
5.6.1. tikintiyə icazə sənədi olmadıqda;
5.6.2. torpaqların dövlət ehtiyacları üçün alınmasını təsdiq edən sənədlər olmadıqda;
5.6.3. satınalma planı olmadıqda;
5.6.4. kommunal xidmətlərə qoşulma barədə sənədlər olmadıqda;
5.6.5. əraziyə giriş imkanları məhdud olduqda və ya giriş mümkün olmadıqda;
5.6.6. layihənin aktuallığı əsaslandırılmadıqda.
6. İnvestisiya layihələrinin icrası
6.1. İnvestisiya layihələrinin icrası bu Qaydaların 2.16-cı bəndinin müddəaları nəzərə alınmaqla sifarişçi təşkilatlar tərəfindən təşkil edilir.
6.2. Sifarişçi təşkilat investisiya layihəsinin icrası məqsədilə normativ hüquqi aktlara uyğun satınalma yolu ilə seçilmiş investisiya layihəsinin icraçısı (podratçısı) ilə müqavilə bağlayır. İnvestisiya layihəsinin icrası ilə əlaqədar zəmanət müddəti Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 105-ci maddəsi ilə tənzimlənir. Zəmanət müddəti ilə bağlı mübahisələr, bu bəndin tələbləri nəzərə alınmaqla, mülki qanunvericiliyə uyğun olaraq həll edilir.
6.3. Hər bir layihə üzrə cari il üçün təsdiq edilmiş xərcdən artıq malların alınmasına, işlərin və ya xidmətlərin yerinə yetirilməsinə yol verilmir.
6.4. Əsaslandırılmış səbəb olmadan kiçik investisiya layihələrinin 4 (dörd) ildən, orta investisiya layihələrinin 5 (beş) ildən artıq müddətdə icra olunmasına yol verilmir. Bununla əlaqədar, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan (investisiya xərclərindən) müvafiq vəsaitin ayrılması təmin edilir və vəsaitin bölgüsü zamanı keçid investisiya layihələrinə üstünlük verilir.
7. Proqrama daxil edilən investisiya layihələrinin icrasının monitorinqi və qiymətləndirilməsi
7.1. Proqrama daxil edilən investisiya layihələrinin icrasının monitorinqi investisiya layihələrinin icrasına dair hesabatın monitorinqi və investisiya layihələrinin yerində monitorinqi şəklində İqtisadiyyat Nazirliyi tərəfindən aparılır.
7.2. Proqrama daxil edilən investisiya layihələrinin icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi Nazirlər Kabinetinin təsdiq etdiyi qayda əsasında həyata keçirilir.
7.3. Bu Qaydaların 7.2-ci bəndində nəzərdə tutulan qayda investisiya layihələri üzrə hesabatlılığı və monitorinqin keçirilməsi prosedurlarını müəyyən edir.
7.4. İnvestisiya layihələrinin icrasının monitorinqinin məqsədləri aşağıdakılardır:
7.4.1. investisiya layihələrinin icra planlarına uyğun tam və vaxtında həyata keçirilməsinə nail olunması;
7.4.2. investisiya layihələrinin icrası zamanı risklərin idarə edilməsi;
7.4.3. investisiya layihələrinin icrasında çevikliyə nail olunması;
7.4.4. investisiya layihələrinin icrası ilə bağlı hesabatlılığın təmin edilməsi;
7.4.5. aidiyyəti dövlət orqanlarının (qurumlarının) investisiya layihələri ilə bağlı zəruri məlumatlarla təmin edilməsi;
7.4.6. aşkar olunmuş nöqsanlarla bağlı tədbir görülməsi üçün aidiyyəti dövlət orqanları (qurumları) qarşısında vəsatət qaldırılması.
7.5. Proqrama daxil edilən investisiya layihələrinin icrasına nəzarət sifarişçi təşkilatlar tərəfindən həyata keçirilir. Sifarişçi təşkilatlar hər rüb üzrə, növbəti rübün ilk ayının 10-dək Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə və Hesablama Palatasına bu Qaydaların 7.2-ci bəndində nəzərdə tutulan qaydalara uyğun olaraq investisiya layihələrinin icrasına dair dövri hesabatı təqdim edirlər.
7.6. Sifarişçi təşkilatlar investisiya layihələrinin icrası ilə əlaqədar faktiki görülmüş işlərin bu Qaydaların 2.16-cı bəndinə əsasən təsdiq edilmiş icra planına uyğunluğunu araşdırır və investisiya layihələrinin icrasına dair dövri hesabata daxil edirlər.
7.7. İnvestisiya layihələrinin yerində monitorinqi tərtib edilmiş illik plan əsasında aparılır.
7.8. İnvestisiya layihəsinin yerində monitorinqi keçirildikdə, sifarişçi təşkilata monitorinqin başlanmasından azı 10 (on) gün əvvəl yazılı bildiriş göndərilir. Bildirişdə monitorinqin keçirilməsinin əsası, mövzusu və tarixi göstərilir.
7.9. İnvestisiya layihələrinin yerində monitorinqi aşağıdakı hallarda plandankənar da keçirilə bilər:
7.9.1. sifarişçi təşkilat bu Qaydaların 7.5-ci bəndində göstərilən dövri hesabatı və bu Qaydaların 7.14-cü bəndində göstərilən yekun hesabatı təqdim etmədikdə;
7.9.2. icra planından kənarlaşmalar olduqda;
7.9.3. plan üzrə aparılmış sonuncu yerində monitorinq zamanı aşkar edilmiş çatışmazlığın sifarişçi təşkilat tərəfindən aradan qaldırılmasının yoxlanılması tələb olunduqda;
7.9.4. investisiya layihələrinin icrasına dair hesabatların monitorinqi və plan üzrə aparılmış monitorinqin nəticələri ilə razılaşmayan sifarişçi təşkilat plandankənar yerində monitorinqin keçirilməsini yazılı şəkildə tələb etdikdə;
7.9.5. investisiya layihəsinin icrasına dair mediada mənfi məlumatlar yayıldıqda;
7.9.6. investisiya layihəsinin icrası ilə bağlı vətəndaşlardan və ya digər təşkilatlardan daxil olan şikayətlərin araşdırılması zamanı məsələlərin yerində yoxlanılması tələb edildikdə.
7.10. İnvestisiya layihəsinin yerində monitorinqinin nəticələrinə dair 2 (iki) nüsxədə arayış tərtib edilir və monitorinq iştirakçıları tərəfindən imzalanmaqla rəsmiləşdirilir. Arayışın və ona əlavə edilmiş sənədlərin bir nüsxəsi sifarişçi təşkilata təqdim edilir, digər nüsxəsi isə İqtisadiyyat Nazirliyində qalır.
7.11. İnvestisiya layihəsinin yerində monitorinqinin nəticələrinə dair qeydlər İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan investisiya layihələrinin icra vəziyyətinə dair rüblük və illik hesabatlarda əks etdirilir.
7.12. İnvestisiya layihələrinin yerində monitorinqinə aidiyyəti dövlət orqanlarının nümayəndələri və müqavilə əsasında müstəqil ekspertlər və mütəxəssislər cəlb oluna bilərlər.
7.13. İqtisadiyyat Nazirliyi il müddətində Proqrama daxil edilən investisiya layihələrinin icrasının monitorinqinin nəticələri barədə icmal hesabat hazırlayaraq növbəti il martın 1-dək Nazirlər Kabinetinə və Hesablama Palatasına təqdim edir.
7.14. İnvestisiya layihəsinin icrası yekunlaşdıqdan sonra 30 (otuz) gün müddətində sifarişçi təşkilatlar İqtisadiyyat Nazirliyini bu barədə yazılı qaydada məlumatlandırır və bu Qaydaların 7.2-ci bəndində nəzərdə tutulmuş qaydalara uyğun yekun hesabatı Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə və Hesablama Palatasına təqdim edirlər.
7.15. Prioritet orta və iri investisiya layihələrinin icrası tamamlandıqdan və istismar mərhələsinə keçdikdən sonra investisiya layihələri üzrə planlaşdırılmış məqsədlərə nail olunmasını müəyyənləşdirmək üçün İqtisadiyyat Nazirliyi tərəfindən müstəqil kənar qiymətləndirici cəlb edilməklə investisiya layihələrinin nəticələrinin yekun qiymətləndirilmə hesabatı hazırlanır və həmin hesabat növbəti investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi zamanı nəzərə alınır.
8. Proqramın rasionallaşdırılması halları
8.1. Proqramın son 5 (beş) il müddətində maliyyələşmə göstəricilərinə əsasən orta maliyyələşdirmə dərəcəsi ilə Proqramın ümumi dəyərinin həyata keçirilməsinə 8 (səkkiz) ildən çox vaxt tələb olunarsa, İqtisadiyyat Nazirliyi Proqramın rasionallaşdırılmasını həyata keçirir.
8.2. Bu Qaydaların 8.1-ci bəndində qeyd olunan hal İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edildikdə, İqtisadiyyat Nazirliyi Proqramın rasionallaşdırılmasının həyata keçirilməsi üçün işçi qrup yaradır.
8.3. İşçi qrup tərəfindən investisiya layihələri üzrə aşağıdakılar əsas götürülməklə rasionallaşdırma aparılır:
8.3.1. investisiya layihəsi bu Qaydaların 6.4-cü bəndində göstərilən müddətdə icra edilmədikdə;
8.3.2. investisiya layihəsinin icrasının tamamlanması üçün tələb olunan vəsait smeta sənədlərində göstərilən vəsaitdən 20 faizdən çox olduqda.
8.4. Proqramın rasionallaşdırılması ilə bağlı işçi qrup tərəfindən aşağıdakılar təklif edilir:
8.4.1. investisiya layihəsinin icrasının dayandırılması;
8.4.2. investisiya layihəsinin icrasının Proqram çərçivəsində davam etdirilməsi;
8.4.3. investisiya layihəsinin dövlət–özəl tərəfdaşlığı çərçivəsində icrası məsələsinə baxılması;
8.4.4. investisiya layihəsinin (obyektin) özəlləşdirməyə çıxarılması.
8.5. İşçi qrupun rasionallaşdırma ilə əlaqədar fəaliyyəti tamamlandıqdan sonra onun nəticələri və təkliflər İqtisadiyyat Nazirliyi tərəfindən 30 (otuz) iş günü müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim olunur.