Rusiyada həbsxananı ələ keçirən 4 qiyamçı məhbus öldürüldü... - YENİLƏNDİ
Rusiyanın cənubundakı Volqoqrad vilayətində məhbuslar həbsxanaya nəzarəti ələ keçiriblər. Bildirilir ki, hadisə Volqoqrad vilayətindəki 19 saylı İslah Koloniyasında (İK-19) intizam komissiyasının iclası zamanı baş verib. Məhbuslar həbsxana işçilərini girov götürüblər. İnsident zamanı bəzi həbsxana əməkdaşları isə xəsarət alıblar.
Həbsxananı ələ keçirən məhbuslar helikopter, bir avtomobil və 2 milyon dollar tələb edirlər. Sosial şəbəkədə video paylaşan məhbuslar yaralı girovun boğazına bıçaq dayamış halda görüntülənib. Cinayətkarlar öz hərəkətlərini Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalına hücum edən terrorçuların qisasını almaq kimi izah ediblər. Həbsxananı ələ keçirən 4 qiyamçı məhbusun Tacikistan və Özbəkistan vətəndaşları olduğu bildirilib.
Penitensiar Xidmətin rəisi tərəfindən prezident Vladimir Putinə də məlumat verildiyi açıqlanıb. Penitensiar Xidmətindən verilən açıqlamada həbsxanaya əlavə qüvvələrinin göndərildiyi bildirilib. Bir müddət sonra isə həbsxanada qiyamçı məhbuslara qarşı əməliyyat keçirilib. Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarına “radikalların planlarını açmaq” üçün mümkünsə qiyamçıları sağ ələ keçirmək əmr edilib. Ancaq əməliyyatın elə ilk dəqiqələrində snayperlər qiyamçı məhbusları məhv edib, ardınca xüsusi təyinatlılar koloniyaya daxil olaraq girovları azad ediblər.
“Rosqvardiya” əməliyyatda zabitləri girov götürən 4 məhbusun öldürüldüyünü açıqlayıb. Girov götürülən zabitlər xilas edilib. TASS xəbər agentliyi girov götürülmə zamanı azı bir nəfərin öldüyünü və bu şəxsin İK-19 həbsxanasının əməkdaşı olduğunu bildirib. “İnterfaks” xəbər verir ki, bundan əlavə, yaralanan üç işçi reanimasiya şöbəsinə yerləşdirilib.
RBC qəzeti yazır ki, həbsxana əməkdaşlarını girov götürən məhbuslar özlərini Rusiyada qadağan olunmuş “İslam Dövləti” terror təşkilatının tərəfdarları adlandırıblar.
Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsi girov götürmək və həbsxana asayişini pozmaq ittihamı ilə istintaqa başlayıb. Hərbi vəziyyətdə olan IK-19 həbsxanası Volqoqraddan təqribən 100 km aralıda, Surovikino şəhərində yerləşir. Həbsxanada 1200-dən çox məhbus saxlanır.
Rusiya mediası, bunun bu yay Rusiyanın cənubundakı həbsxanada baş verən ikinci girov hadisəsi olduğuni bildirir. İyun ayında Rostov vilayətindəki təcridxanada 2 mühafizəçi məhbuslar tərəfindən girov götürülüb, 5 məhbus öldürülüb.
TAHİR