Misir ABŞ və İsrailin Qəzza ilə bağlı təklifini qəbul etmədi...
Misir Qəzza ilə sərhədboyu Filadelfi dəhlizində hərbi qüllələrin tikilməsi üzrə ABŞ və İsrailin təklifini qəbul etməyib. Bu barədə “Wall Street Journal” nəşri məlumat yayıb.
“Əl Əhram” qəzeti xəbər verir ki, Qahirə İsrailin səkkiz müşahidə qülləsi tikmək, eləcə də ABŞ-ın Misir və Qəzza sərhədi boyunca 14 kilometrlik Filadelfi dəhlizində iki qüllə inşa etmək təkliflərini qəbul etməyib. Bununla belə, İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, HƏMAS ilə potensial atəşkəs razılaşmasından asılı olmayaraq, qoşunlarını Rəfah sərhəd keçidindən və Filadelfi dəhlizindən çıxarmayacaq.
Misir ABŞ və Qətər ilə birlikdə İsrailin Qəzzada 10 aydır davam edən müharibəsində atəşkəs razılaşmasına nail olmaq üçün danışıqlarda vasitəçilik edir.
Danışıqların son raundları keçən həftə Dohada keçirilib, lakin heç bir atəşkəs razılaşması əldə olunmayıb. Bu raunddan sonra Misir, ABŞ və Qətər liderləri birgə bəyanat yayaraq, İsrail və HƏMAS-ı bu həftənin sonunda Qahirədə və ya Dohada atəşkəs danışıqlarını davam etdirməyə və bütün mübahisəli məsələləri həll etməyə çağırıblar.
Misir mediası yazır ki, Baydenin Yaxın Şərq üzrə baş məsləhətçisi Brett Makqurk da danışıqlara qatılmaq üçün Qahirəyə gəlib. Danışıqlarda Qəzza bölgəsində İsrail qoşunlarının sayının azaldılması ətrafında müzakirələr aparacaq.
ZÜMRÜD