Bolqarıstan mediası Azərbaycandan yazdı
Bolqarıstan mediasında “Azərbaycan: mehriban qonşuluq uğur və inkişafın zəmanəti kimi” sərlövhəli məlumat geniş işıqlandırılıb. Yazıda qonşu və regional dövlətlər, o cümlədən Türkiyə, Rusiya, Gürcüstan, Bolqarıstan və Rumıniya ilə ahəngdar münasibətlər qurmuş və özünü beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi sübut etmiş Azərbaycanın bölgənin ən aparıcı nəqliyyat və logistika mərkəzinə çevrildiyi, 20 ilə yaxın müddət ərzində davamlı və təhlükəsiz şəkildə Avropa bazarını enerji resursları ilə təmin etdiyi, beynəlxalq əhəmiyyətə malik iriiqyaslı layihələrin həyata keçirilməsi təşəbbüsü ilə çıxış etdiyi, həmçinin geniş Qara dəniz-Xəzər dənizi bölgəsində davamlı sülhün, sabitliyin və rifahın təmin olunmasında səylər göstərdiyi bildirilir.
Bolqarıstanın kütləvi informasiya vasitələrində “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan üzərindən səmərəli keçməsi məqsədilə ölkənin bütün nəqliyyat və logistika infrastrukturunun sürətli templə inkişaf etdirilməsi, günü-gündən artan tranzit daşımaları və yük mübadiləsinin təmin edilməsi məqsədilə Bakının Avrasiya məkanında vacib nəqliyyat qovşağı kimi çıxış etdiyi qeyd edilir.
Məlumatda, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Cənub-Şərqi və Mərkəzi Avropada həyata keçirdiyi səmərəli və uğurlu fəaliyyəti haqqında da bəhs edilir və SOCAR-ın bu ölkələrin enerji təhlükəsizliyi və iqtisadi rifahının təmin edilməsinə töhfə verdiyi bildirilir.
Mətləb Salahov