Bu gün xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin yaradıldığı gün - avqustun 23-ü ölkəmizdə xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı günü kimi qeyd olunur.
Ulu Öndərin ölkəmizdə xüsusi mühafizə sistemi ilə bağlı siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu sahə sürətlə inkişaf edib. 2020-ci il martın 16-da imzalanan “Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Prezident Fərmanı fəaliyyətin müasir dövrün tələbləri nəzərə alınmaqla yenidən qurulması baxımından mühüm addım olub. Fərmana əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin əsasında üç dövlət orqanı - Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, məhz Xüsusi mühafizə sisteminin şəxsi heyəti ölkəmizin ərazi bütövlüyünün, ictimai-siyasi sabitliyin qorunması, respublikamızda baş verə biləcək terror aktlarının və digər mümkün təxribatların qarşısının alınması kimi çox mühüm sahələrdə peşəkar fəaliyyəti və fədakarlığı ilə diqqəti cəlb edir. Vətən müharibəsi zamanı bunun bir daha şahidi olduq.
Xatırladaq ki, Birinci Qarabağ müharibəsində şəxsi heyətdən 13 nəfər şəhid olub, 21 nəfər itkin düşüb, 55 nəfər isə ağır yaralanıb. Milli Qvardiyanın alay komandiri Əfqan Hüseynov göstərdiyi igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına (ölümündən sonra) layiq görülüb, onun büstünün açılışı mərasimində Ulu Öndər Heydər Əliyev şəxsən iştirak edib.
Mətləb Salahov