Tramp amerikalılara söz verdi - Tarixin ən böyük deportasiya əməliyyatına başlayacağam
Qanunsuz miqrasiya probleminə diqqət çəkmək üçün Meksika sərhədinə səfər edən ABŞ-ın (ABŞ) keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp Arizona ştatının cənubunda divar tikintisinin qarşısında çıxış edib.
Tramp Miçiqan, Nyu-York, Corciya və Virciniya kimi ştatlarda qeyri-qanuni yollarla ölkəyə daxil olan qeyri-qanuni mühacirlərin törətdiyi cinayətlərlə bağlı narahatedici məlumatlar paylaşaraq, bunların ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harrisin miqrasiya siyasətinin nəticəsi olduğunu deyib.
Seçkilərdə qalib gələcəyi təqdirdə, prezidentliyi dövründə Meksika sərhədində tikilməyə başlanan divarı tamamlayacağına söz verən Tramp, ikinci dövründə narkotik tacirlərinə qarşı daha sərt cəzaların tətbiqi üçün çalışacağını və tarixdə qeyri-qanuni mühacirlərə qarşı ən böyük deportasiya əməliyyatına başlayacağını bildirib.
Tramp deyib ki, Kamala Harris heç vaxt divar inşa etməyəcək: “O, bunu etmək istəmir. Əgər bu mövzuda fikrini dəyişsə, bunu yalnız seçilmək istədiyi üçün edəcək".
Tramp daha sonra deyib: “Seçim asandır; ya Kamala Harris cinayətkarlara amnistiya verir, ya da prezident Tramp cinayətkarları deportasiya edir...”
Meksika sərhədinə səfəri zamanı Tramp 2020-ci ildən ABŞ-a qeyri-qanuni yollarla daxil olan immiqrantlar tərəfindən öldürülən vətəndaşların ailələri ilə görüşüb və deyib ki, “dünyanın heç bir yerində bu qədər sızmanın baş verdiyi sərhəd yoxdur”.
O bildirib ki, Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harris qeyri-qanuni immiqrasiyaya qarşı mübarizə aparan ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) agentliyini bağlamaq istəyir: "Harris qeyri-qanuni mühacirlərin pulsuz tibbi xidmət alması gərəkdiyini deyir. O, qeyri-qanuni mühacirlərə amnistiya və vətəndaşlıq verəcəyini vəd edib. Bu, sosial təhlükəsizliyimizi məhv edəcək".
TAHİR