Ukrayna üç ölkənin sərhəd qovşağında yerləşən Rusiya bölgəsinə hücuma başladı - Belarus da müharibəyə qoşula bilər...
Ukrayna ordusu Rusiyanın Bryansk vilayətinin Rusiya, Ukrayna və Belarus sərhədlərinin qovşağında yerləşən Klimovski rayonuna hücum edib.
Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz da Klimovski rayonunda toqquşmaların olması xəbərlərini təsdiqləyib. O, öz Telegram kanalında Ukrayna təxribat və kəşfiyyat qrupunun Rusiya ərazisinə daxil olmağa çalışdığını yazıb. Qubernator bildirib ki, hücum dəf edilib və münaqişə bölgəsində vəziyyət sabitləşib.
Bəzi mənbələr iri hücumdan söhbət getmədiyini, Ukrayna tərəfdən bir neçə yüngül zirehli texnikanın dəstəyi ilə kəşfiyyat qrupunun əraziyə daxil olduğunu iddia edib.
Bryanks münaqişənin davam etdiyi Kursk vilayətindən təxminən 150 kilometr aralıdadır. Klimovski rayonu Rusiya, Ukrayna və Belarus sərhədlərinin qovşağında yerləşir.
Ekspertlərin fikrincə, Ukrayna ordusunun Bryansk vilayətinə hücumu Belarus ordusunun da müharibəyə qoşulmasına səbəb ola bilər.
Qeyd edək ki, bir neçə gün əvvəl Belarusun müdafiə naziri Viktor Xrenin Ukraynadan silahlı təxribatların olma ehtimalının yüksək olduğunu bəyan edib. O bildirib ki, Belarus dövlət sərhədi boyunca bütün ərazilərdə Ukrayna xüsusi təyinatlı qüvvələrinin və Ukrayna Təhlükəsizlik Xidmətinin fəal hərəkətliliyi müşahidə edilir. Belarus lideri Aleksandr Lukaşenko isə Belarus ordusunun üçdə birini Ukrayna ilə sərhədə yerləşdirdiklərini deyib. Lukaşenko Ukrayna dronlarının ölkənin hava sərhədlərini pozduğunu da deyərək Kiyevə xəbərdarlıq edib. Lukaşenko bildirib ki, ölkənin sərhədləri pozulacağı halda dərhal və sərt cavab veriləcək.
TAHİR