"İrəvan Zəngəzurdan keçən kommunikasiyalara Rusiya FTX-nin nəzarətindən imtina edib" - Zaxarova
İrəvanın günahı başqalarının üzərinə atmasının daha bir nümunəsi, indiki halda Rusiyanın... Trend xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan XİN-nin Sergey Lavrovun Bakıda “Ermənistan 10 noyabr üçtərəfli razılaşmasını sabotaj edir” açıqlamasına şərhinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan üçün əsas öz uğursuzluqlarına görə başqalarını günahkar çıxarmaqdır.
Zaxarova 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini bir daha Ermənistan tərəfinə xatırladıb.
"Kommunikasiyaların açılması üçün görülən böyük iş İrəvanın sərhəd nəzarəti məsələlərində qeyri-bərabərliyi və Rusiya sərhədçilərinin Ermənistan və Azərbaycan tərəfində olmasını təkid etdiyi üçün dayanıb.
Beləliklə, İrəvan Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti tərəfindən nəqliyyat axınına nəzarətdən imtina edib və faktiki olaraq işçi qrupda iştirakını dondurub", - XİN sözçüsü vurğulayıb.
Qeyd edək ki, avqustun 19-da Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya televiziyasına açıqlamasında Ermənistan hökumətinin Azərbaycanla sülh sazişini sabotaj etdiyini deyib.
"Biz sülh müqaviləsinin tezliklə imzalanmasının və kommunikasiyaların blokdan çıxarılmasının tərəfdarıyıq", - o deyib.
XİN rəhbəri vurğulayıb ki, Ermənistan üzərindən kommunikasiyaya gəlincə, baş nazir Paşinyanın imzaladığı sazişi sabotaj edən məhz Ermənistan hökumətidir.
“Belə bir mövqenin mənasını anlamaq çətindir”, - Sergey Lavrov əlavə edib.