Paşinyan Putinin Bakı səfərinə cavab tapdı - Makronu gətirirlər...
İlyas Hüseynov: "...Makronun bu səfərinin reallaşması da sülh əleyhinə olan fəaliyyəti özündə əks etdirir”
Rusiya prezidenti Vladimir Putinin Bakıya rəsmi səfərindən sonra Ermənistan hökuməti əl-ayağa düşüb. Görsənən odur ki, onun səfərinə cavab olaraq Fransa prezidenti Emmanuel Makaron Ermənistana səfərə gələ bilər. Ermənistan mediasının yazdığına görə, bu ölkənin Müstəqillik Günündə - sentyabrın 21-də E.Makronun ölkəyə səfəri gözlənilir.
Sizcə, bu səfər regiondakı vəziyyətə, xüsusən də Ermənistan-Azərbaycan məsələsinin həllinə necə təsir göstərə bilər? Yoxsa bu, Putinin Bakı səfərinə bir cavab xarakteri daşıyır?
“Məhz Müstəqillik Günündə Ermənistanın Fransaya sığınması mesajları da, düşünürəm ki, bu görüş əsnasında bildiriləcək”
Politoloq İlyas Hüseynov "Bakı-xəbər"ə şərhində bildirdi ki, E.Makronun Ermənistana Müstəqillik Günü ilə bağlı səfəri və Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri ayrı-ayrı istiqamətləri əhatə edir. “Bununla bağlı əvvəlcədən anonslar verilmişdi. Bu səfərlər arasında paralellər, analogiyalar aparmağı da düzgün hesab etmirəm. Çünki baxmayaraq ki, yeni geopolitik şərait ayrı-ayrı münasibətlər sistemini diqtə edir. Lakin Fransanın regiona müdaxiləsi tamamilə destruktivdir, əməkdaşlığın əleyhinədir. Ermənistanı silahlandırmaq, bu ölkəyə siyasi məzmunda dəstək vermək xarakteri daşıyır. Eyni zamanda, səfər çərçivəsində də, zənn edirəm ki, Ermənistana siyasi dəstəyin daha da genişləndirilməsi münasibətlərin əsasını təşkil edəcək. Əvvəlki dönəmlərdə əgər Ermənistan Rusiya ilə daha sıx bağlı idisə, məhz Müstəqillik Günündə Ermənistanın Fransaya sığınması mesajları da, düşünürəm ki, bu görüş əsnasında bildiriləcək. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı Fransa öz bitərəf mövqeyini çoxdan pozub və vasitəçi kimi çıxış edə bilməz. Çünki aydındır ki, vasitəçi danışıqlar masasında öz neytrallığını və tərəflər üçün konstruktiv mahiyyəti özündə əks etdirməlidir. Fransa isə birtərəfli qaydada Ermənistana siyasi dəstək göstərir və bir neçə dəfə Fransa tərəfindən Ermənistana silahlı yüklərin daşınmasını da görmüşük” - deyə İ.Hüseynov bildirdi.
İ.Hüseynovun sözlərinə görə, əvvəlcə “Bastion” zirehli maşınlarının, sonra reket, artilleriya, gecəgörmə cihazları, minalar, xüsusi təyinatlı qüvvələr üçün olan avadanlıqların göndərilməsinin şahidi olmuşuq. “Bu da, əlbəttə, regionda sülhü, təhlükəsizliyi pozan bir amildir. Xüsusilə vurğulamaq istəyirəm ki, məhz Makronun bu səfərinin reallaşması da sülh əleyhinə olan fəaliyyəti özündə əks etdirir. Bununla da Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması bir qədər də ləngiyir. Yaxşı olardı ki, Fransa regionda əməkdaşlığa, regionun perspektivlərinə yönəlmiş addımlar atsın. Lakin hazırkı vəziyyətdə biz bunu müşahidə etmirik”-deyə İ.Hüseynov qeyd etdi.
İradə SARIYEVA