“Putin Bakıya Kurskdan diqqət yayındırmaq üçün gəlmişdi” iddiaları var...
Azər Həsrət: “Bu iddia o qədər də əsaslı deyil”
Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putin Bakıda iki gün rəsmi səfərdə oldu. Putin sonuncu dəfə 2018-ci ildə Azərbaycanda səfərdə olub.
Bu arada Putinin səfəri ilə bağlı bir sıra fikirlər səsləndirilir. Məsələ ondadır ki, Ukrayna ordusu avqustun 6-da Rusiyanın Kursk vilayətinə hücuma başlayıb və indiyə qədər 90-dan çox yaşayış məntəqəsini ələ keçirib. Belə iddialar var ki, Putin bu ərəfədə Bakıya səfər etməklə dünyanın diqqətini Kurskdakı məğlubiyyətdən yayındırmaq məqsədi güdüb. Həm də bununla özünün çox güclü diplomat olduğunu və çevrəsində müttəfiqlərinin olduğunu belə dəqiqələrdə dünyaya nümayiş etdirmək istəyib. O baxımdan bu mülahizələr – Putinin Bakıya səfər etməklə Kurskla bağlı dünyanın diqqətini yayındırmaq hədəfi və məqsədi ilə nə dərəcədə bağlı ola bilər? Bu fikir nə dərəcədə həqiqəti əks etdirir?
“Görünür, hadisələrin üst-üstə düşməsi belə fikirlərin ortaya atılmasına zəmin yaradıb”
Sözügedən məsələyə aydınlıq gətirən siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Bu iddia o qədər də əsaslı deyil. Çünki Kursk hadisələri baş verməzdən əvvəl də Putinin Bakıya səfər edəcəyi barədə fikirlər dolaşırdı. Onun həm Türkiyəyə, həm də Azərbaycana səfər edəcəyi ilə bağlı fikirlər var idi. Ona görə də Putinin səfərini Kurskla əlaqələndirməyin tərəfdarı deyiləm. Ümumiyyətlə, nəzərə alsaq ki, Putinin Bakı səfəri əvvəlcədən nəzərdə tutulmuşdu və bu haqda xəbərlər də Kursk döyüşlərindən əvvəl yayılmışdı, bu baxımdan deyilənlərin əsası yoxdur. Görünür, hadisələrin üst-üstə düşməsi belə fikirlərin ortaya atılmasına zəmin yaradıb. Bir məqamı da nəzərə almaq lazımdır ki, müharibə təkcə hərbi əməliyyatların aparılmasından ibarət deyil. Müharibə həm də informasiya müstəvisində aparılır. O baxımdan belə fikirlərin ortaya atılması informasiya müharibəsinin tərkib hissəsi də hesab oluna bilər. Bütövlükdə isə Putinin Azərbaycana səfəri onun özündən daha çox ölkəmizin gücünün göstəricisidir. Çünki Azərbaycan ərazi, əhali, iqtisadi imkanlar, dünyadakı yeri baxımından, əlbəttə ki, Rusiyadan qat-qat zəif bir dövlətdir. Ancaq Rusiya kimi böyük bir dövlətin rəhbəri Putin Azərbaycana səfər etmək zərurəti hiss edir. Yəni bunun özü Azərbaycanın gücünün, qüdrətinin göstəricisidir. Digər tərəfdən təbiidir ki, bu gücün belə həddə gəlib çatmasının səbəbkarı var. O da Prezident İlham Əliyevdir. Yəni Putin bir növ İlham Əliyevin şəxsində özünə arxa, dayaq görür və onun ayağına qədər gəlməyə zərurət hiss edir”.
Vidadi ORDAHALLI