Pezeşkian böyük iddia ilə gəlmişdi - türk dili barədə əksinə mənzərəni görürük...
Bəhruz Quliyev: “Pezeşkiyanın hansı formada işləyəcəyi, türk dilinə və İranda olan azərbaycanlılara münasibəti növbəti illərdə bilinəcək”
Azad İran teleqram kanalı yazır ki, İran hökuməti türkcə kitabların nəşrinə məhdudiyyət və senzura tətbiq edir. “Yaz” nəşriyyatının müdiri Bəhram Əsədi bildirib ki, son aylarda Azərbaycan_türkcəsində olan kitabların çapına məhdudiyyət və senzuralar qoyulur.
Onun sözlərinə görə, İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin türk dili və mədəniyyəti ilə bağlı nəşrlərə münasibəti kəskin şəkildə sərtləşib.
Bir neçə gün öncə şair, tərcüməçi və mədəni fəal Saleh Səccadi də həmin məsələ ilə bağlı paylaşım edərək yazıb: “Yaranan vəziyyət türk dilində kitabların çapına, Azərbaycanın tarix, dil və mədəniyyəti ilə bağlı fəaliyyətlərə birmənalı olaraq qadağa kimi dəyərləndirilə bilər”.
Bəs Pezeskian gələndə çoxları dedi ki, İranda türk dilinin yeni doğuşu başlayır? Lakin Türk mənşəli prezidentin gəlişi də dilimizə münasibəti dəyişmədi. Hətta əksinə, o gələndən türk dilinə münasibət mənfi yöndə dəyişir. Bu nə ilə bağlıdır? Nə baş verir?
“Bütün məsələləri İran prezidenti həll etmir və bəzən onun iradəsinin əleyhinə də qərarlar verilir”
SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev “Bakı-Xəbər”ə şərhində “İran prezidenti Məsud Pezeşkianın seçilməsindən hələ qısa müddət keçib. Pezeşkiyanın hansı formada işləyəcəyi, türk dilinə və İranda olan azərbaycanlılara münasibəti növbəti illərdə bilinəcək. Onun addımlarında yeni islahatlar var. İlkin addımlarda Azərbaycan dilli məktəblərlə bağlı verdiyi qərar da bunu göstərir"-deyə bildirdi.
Bəhruz Quliyev sözlərinə belə davam etdi: "Onun islahatları yalnız özündən asılı deyil. Məlumdur ki, İran dini dövlətdir. Yəni idarəçiliyə din müdaxilə edə bilir. Onların konstitusiyalarında ölkənin dini qaydalarla idarə olunması nüansları var. Həmçinin, onlarda prezidentdən daha güclü lider də var ki, bu, İslam dini lideridir. Onun qərarları daha ötkəmdir, nəinki prezidentin.
Bütün məsələləri İran prezidenti həll etmir və bəzən onun iradəsinin əleyhinə də qərarlar verilir. Ona görə də, hər şeyi Pezeşkianın ayağına yazmaq lazım deyil. İslahatçı prezident kimi ona zaman vermək lazımdır ki, öz ideyalarını həyata keçirə bilsin. Düşünürəm ki, onun ideyalarında yeniliklər olacaq və türkçülüyə meyllilik artacaq, əks halda İran düşdüyü vəziyyətdən çıxa bilməz".
İradə SARIYEVA