Lukaşenko ermənilərə dağ qoyub - Belarusun İrəvandakı səfirliyinə hücum başladı...
Belarus prezidenti Aleksandr Lukaşenkonun Ermənistanın hazırkı rəhbərliyinin siyasətini sərt tənqid etməsi erməniləri möhkəm qəzəbləndirib.
Belə ki, ermənilər Belarusun İrəvandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib və diplomatik korpusun yerləşdiyi binanı yumurta və pomidor atəşinə tutublar, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binanı qoruyan əməkdaşları isə onların bu hərəkətinə mane olmayıb.
On nəfərə yaxın insanın iştirak etdiyi aksiyanı Avropayönlü “Respublika Naminə” partiyasının lideri, parlamentin keçmiş deputatı Arman Babacanyan təşkil edib.
Arman Babacanyan Ermənistan hökumətini bu bəyanata cavab verməyə, Minsklə diplomatik münasibətləri kəsməyə və Belarus diplomatlarını ölkədən çıxarmağa çağırıb. O, bəyan edib ki, Belarus səfirliyinin İrəvanda olması Ermənistanın milli təhlükəsizliyini təhdid edir: "Ermənistan Xarici İşlər Nazirliyi Belarusun Ermənistandakı səfirini dərhal çağırmalı, əsassız bəyanatlara etiraz etməli və onu Minskə qaytarmalıdır".
Qeyd edək ki, Rusiya dövlət televiziyası “Rossiya” kanalına müsahibəsində Ermənistanın son zamanlar Qərblə yaxınlaşma siyasəti yürütdüyünə diqqət çəkən Lukaşenko deyib ki, Ermənilər bizdən başqa kimə lazım deyil.
“Ermənilər bizdən başqa kimə lazımdır? Heç kimə. Onlar heç kimə lazım deyil. İqtisadiyyatlarını inkişaf etdirsinlər və sahib olduqlarına diqqət etsinlər. Nə Fransa, nə Makron? Sabah Makron gedəcək və hamı Ermənistanı unudacaq” - Lukaşenko bildirib.
Bir müddət əvvəl isə Ermənistanın baş naziri Nikol Paşinyan Lukaşenko hakimiyyətdə olduğu müddətdə Minskə gəlməyəcəyini bildirib. İyun ayında isə Ermənistan Belarusdakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
TAHİR