Lukaşenkodan Qərbə Üçüncü Dünya müharibəsi xəbərdarlığı - Ukraynaya əsgər göndərsələr...
Rusiya dövlət televiziyasına müsahibəsində Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) dəfələrlə ölkəsinin hava məkanını pozduğuna diqqət çəkən Belarus prezidenti Aleksandr Lukaşenko, bunun əvvəllər də baş verdiyini bildirib.
Ukraynadan gələ biləcək təhdidlərə qarşı lazımi tədbirləri gördüklərini ifadə edən Lukaşenko, Belarus-Ukrayna sərhədini minaladıqlarını və əsgər yerləşdirdiklərini bildirib.
NATO-nun Ukraynaya qoşun yeritmə ehtimalına gəlincə Lukaşenko deyib ki, nu Üçüncü Dünya Müharibəsinə səbəb ola bilər: "Əgər onlar (qərblilər) NATO əsgərlərini göndərsələr, Üçüncü Dünya Müharibəsi başlayacaq. Çünki bu halda həm taktiki, həm də strateji nüvə silahlarından istifadə olunacaq və dərhal dəhşətli reaksiya veriləcək".
Vəziyyətin gərginləşməsini istəmədiklərini bildirən Lukaşenko, NATO ilə müharibə istəmədiklərini deyib: “Ancaq bunu etsələr, başqa seçimimiz qalmayacaq. Qırmızı xətt qalmayacaq. Bizim yalnız bir xəttimiz var. O da dövlət sərhəddidir, onlar sərhədə addım atdıqları anda cavab olacaq”.
Ukrayna ordusunun avqustun 6-da Rusiya ərazisi olan Kursk vilayətinə daxil olmasına da münasibət bildirən Lukaşenko Ukraynanın vəziyyəti gərginləşdirdiyini deyib. Onun sözlərinə görə, belə davam edərsə, bu gərginlik Ukraynanın məhvi ilə nəticələnə bilər. Rusiya və Ukraynanın sülh danışıqlarına yenidən başlamalı olduğunu vurğulayan Lukaşenko, danışıqların 2022-ci ilin martında İstanbulda hazırlanan razılaşma əsasında aparıla biləcəyini bildirib: "Meydanda vəziyyət dəyişdi, amma biz buradan başlaya bilərik. Danışıq masasına oturub məsələni həll etmək lazımdır. Belə bir fürsət var".
TAHİR