Lənkəranın süni şəkildə yaradılan problemləri...
Ölkəmizdə gedən inkişaf hər bir vətəndaşın ürəyincədir. Özü də bütün görülən işlər adamların rahatlığına, firavan, azad və xoşbəxt həyat sürməsinə əsaslanır. Qaldı ki, bütün bunlar olan yerdə bəzi rayonlarda yerli rəhbərlər özündən başqa heç kimi düşünmür, nəticədə bir sıra problemlər əhalini narahat edir, bu da respublikanın tərəqqisinə xələl gətirir. Cənub mirvarısi Lənkəranda da uzun illər həllini gözləyən bəzi sosial məsələlər, hətta deyərdim süni sürətdə yaradan problemlər vardır. Dediyim kimi, vəziyyəti qaydaya salmaq isə adamların taleyinə məsul olan şəxsləri hələlik düşündürmür. Belə ki, çətinə düşənin səsinə səs verən tapılmır.
Veravul Lənkəranın böyük kəndi olmaqla, burada 4500-dən çox insan yaşayır. Onlara olan qayğısızlıq özünü göstərir. Burada son vaxtlarda dövlət başçısının gördüyü işlərin əksinə olaraq maneələr, sədlər yaradılır. Bu günlərdə isə uzun müddət kənd sakinlərinə xidmət göstərən poçt şöbəsi fəaliyyətini dayandırıb. Bu da müəyyən çətinliklərə səbəb olub. Sakinlər ya şəhər mərkəzinə, ya da kilometrlərlə məsafə qət edib qonşu kəndlərinə getmək məcburiyyətində qalırlar.
Söhbət zamanı əhali bildirdi ki, Poçt şöbəsinin bağlanması bəlkə məmurlar üçün yaxşıdır. Amma bizə əlavə problem yaradıb. Digər kəndlərin poçt şöbələrinə getməkdən ötrü iki dəfə avtobus dəyişməliyik. Lənkəranın mərkəzinə getmək isə 1 gün vaxt aparır. Bu isə kənd adamının bir günlük işinin batması deməkdir. Həm vaxtımız itir, həm də maddi cəhətdən xeyli ziyana düşürük. Əlaqədar təşkilatlardan istəyimiz odur ki, biganəliyə son qoyub insanları əziyyətə salmasın. Dövlət başçımızın onlara əsas tələbi xalqa nümunəvi xidmət göstərməsidir...
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü