Ermənilər mina tələləri daha çox Xankəndidə quraşdırıblar...
Keçmiş təmas xəttinin arxasındakı ərazilərdə minaların və partlamamış hərbi sursatların sayı məlum deyil. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra bu il avqustun 15-dək baş verən 224 hadisənin 149-u, yəni 66 faizi keçmiş təmas xəttindən kənarda olan ərazilərdə qeydə alınıb. Nəticədə 46 nəfər həlak olub, 214 nəfər yaralanıb.
Bunu "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov "Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi" layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin apardığı monitorinqlərin nəticələrinə görə, işğaldan azad edilmiş ərazilərdə 232 növ mina, kasetli sursat və digər partlamamış hərbi sursatlara rast gəlinib.
İşğaldan azad edilmiş ərazilərdə mütəmadi olaraq mina tələlərinə rast gəlinir. Mina tələləri daha çox Xankəndi şəhərində qeydə alınır.
"Azərbaycan Respublikasının Rusiya, Gürcüstan və Türkiyə ilə sərhədinin Azərbaycan hissəsində mina və partlamamış hərbi sursat problemi yoxdur. Yerli insanlar, ev və vəhşi heyvanlar arasında minaya düşmə faktı qeydə alınmayıb", - deyə ictimai birliyin sədri bildirib.
ZÜMRÜD