Ermənistan İranla sərhədimizi də işğal zamanı minalayıb
Cəbrayıl və Zəngilan rayonlarının 132 km-lik ərazisi Ermənistanın işğalı zamanı minalayıb. Trend xəbər verir ki, bunu “Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi” adlı layihənin yekunlarına həsr olunmuş mətbuat konfransında "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.
O qeyd edib ki, bunu mina təmizləyənlərlə görüşlərdə verilən məlumat təsdiq edir.
"17 iyun 2022-ci il tarixdə İran İslam Respublikası ilə sərhəddə yerləşən Cəbrayıl rayonunun Xudafərin kəndi ərazisində minatəmizləmə əməliyyatları aparan dörd mina təmizləyənin mina partlayışına məruz qalıb və yaralanıb. Ermənistan ordusu tərəfindən sərhəddə yerləşən Cəbrayıl rayonunun Maşanlı kəndinin ərazisində tank əleyhinə minalar basdırılıb və mina təmizləmə əməliyyatı nəticəsində həmin minalar tapılaraq zərərsizləşdirilib.
Bundan başqa, mina təmizləyənlərlə görüş zamanı bildirilib ki,Ermənistan ordusu tərəfindən sərhəddə yerləşən Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Mehdili və Əmirvarlı kəndlərinin ərazisində piyada və tank əleyhinə minalar basdırılıb və minatəmizləmə əməliyyatları nəticəsində həmin minalar aşkar edilərək zərərsizləşdirilib", - deyə o qeyd edib.