“Qarabağ tarixi əski çap kitablarında”...
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəşri olan “Qarabağ tarixi əski çap kitablarında” kataloqu Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibəti ilə işıq üzü görmüşdür. Kitabın elmi məsləhətçisi akademik Teymur Kərimli, tərtibçisi f.e.d. Tahirə Həsənzadə, redaktoru tar.ü.f.d., dosent Cavid Cəfərovdur.
Kataloqda azərbaycan, türk, rus, fars dillərində Qarabağ tarixinin əks olunduğu 70-dən çox kitabın təsviri verilmişdir. Kitaba “Ön söz” yazan tərtibçi və redaktor kitabın yaranma səbəbini açıqlamış, 2020-ci il 8 noyabr zəfər tarixindən başlamış, Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə kimi qısa xronologiyadan sonra yazır: “... kataloq üçün mənbə rolunu oynamış Əlyazmalar institutunun zəngin xəzinəsində qədim əlyazmalarla yanaşı, nəşr tarixi 100 ili çoxdan ötmüş və əlyazmaya bərabər tutulan (mədəni ölkələrdə belədir) Azərbaycan, türk, fars, ərəb dillərində əski çap kitabları da qorunub saxlanılır. Bu kitablar dünyanın bir çox xalqlarının, o cümlədən Azərbaycan xalqının, eləcə də Qarabağın, Şuşanın qədim tarixini öyrənmək üçün çox dəyərli məxəzdir”. Ön söz müəllifləri bəzi dəyərli kitablar haqqında məlumat vermişlər.
Kitabda Azərbaycan, türk və fars dilində olan bir sıra kitabların azərbaycanca təsvirləri verilmiş və kitablardan səhifələr göstərilməklə bəzi dəyərli fikirlər təqdim olunmuşdur. Azərbaycanca 18, türkcə 11, farsca 30, rusca 13 kitab əhatə olunmuşdur. Rusca kitabların təsviri və sitatlar rus dilində verilmişdir.
Kitabın sonunda göstəricilər, o cümlədən “Yer adları”, “Şəxs adları” diqqətə çatdırılmışdır.
Kitabda maraqlı məlumatlar vardır, Qarabağ tarixini öyrənən tədqiqatçılar, doktorantlar, tələbələr, hətta şagirdlər üçün belə dəyərli vəsaitdir.
Tahirə xanımı kitabın işıq üzü görməsi münasibəti ilə təbrik edir, yeni kitablarını gözləyirik.
SONA XƏYAL