Putin Azərbaycan-Ermənistan münasibətlərində 2 məsələdən məmnun qala bilər...
İlyas Hüseynov: “Rusiya çox çalışır ki, Azərbaycanla Ermənistan arasında normallaşdırma prosesində bir addım önə çıxsın...”
“Rusiya sülhün imzalanması və Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası üçün nəsə edə bilsə, şad olacaq”. Bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin prezident İlham Əliyevlə məhdud tərkibdə danışıqlar zamanı deyib.
Rusiya növbəti dəfə bu məsələni Putin səviyyəsində dilə gətirdi. Açıq görsənir ki, prosesdə iştirak etməkdə israrlıdırlar. Ümumiyyətlə, Rusiyanın prosesdə iştirak istəyi, yaxud iştirakı sülhə töhfə verə bilərmi?
“Həm sülh müqaviləsi, həm də sərhədlərin delimitasiyası və demarkasiyası işində müəyyən qədər prosesə töhfə vermək niyyətindədir”
Politoloq İlyas Hüseynov “Bakı-Xəbər”ə şərhində “Qeyd etmək lazımdır ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Azərbaycana hazırkı durumda səfəri mühüm aktuallııq kəsb edir. Əlbəttə ki, regionda geopilitik vəziyyət dəyişib, Azəbaycan da bütün regional geosiyasi aktorlarla bərabərhüquqlu münasibətlərin qurulmasının, təhlükəsizlik sisteminin gücləndirilməsinin tərəfdarıdır. Bu xüsusda Prezident İlham Əliyev və Vladimir Putinlə keçirilmiş danışıqlar da regionun gələcəyi ilə bağlı çox səmərəli olacaq. Eyni zamanda, səfər prosesində çox mühüm sənədlərin imzalanması da öz aktuallığı ilə seçilir. Digər tərəfdən, Rusiya çox çalışır ki, Azərbaycanla Ermənistan arasında normallaşdırma prosesində bir addım önə çıxsın, Rusiyanın təşkil etdiyi masada razılaşmalar əldə olunsun”-deyə bildirdi.
İ.Hüseynov vurğuladı ki, Ermənistan hazırda antirusiya ritorikasını genişləndirir, Rusiya əleyhinə manevrlər etməkdədir və bütün hakimiyyət eşelonlarında Rusiya əleyhinə fəaliyyət genişləndirilmiş vəziyyətdədir. “Dəfələrlə bəyan olunduğu kimi, Azərbaycan üçün danışıqlarda vasitəsçinin, moderatorun heç bir fərqi, əhəmiyyəti yoxdur. Lakin Azərbaycanın milli maraq və mənafeləri kontekstində bütün məsələlər öz həllini tapmalıdır. Rusiya da görür ki, Qərb müstəvisində bəzən danışıqlar intensiv xarakter daşıyır, ona görə də əgər razılıqlar əldə olunacaqsa, bunu Kremlin vasitəçiliyi ilə əldə etmək Rusiya üçün çox önəmlidir və əldə olunmuş razılaşmaları, çərçivə sazişi şəklində də olsa, Rusiyanın iştirakı ilə imzalamaq məqbuldur. Bu baxımdan, Rusiya həm sülh müqaviləsi, həm də sərhədlərin delimitasiyası və demarkasiyası işində müəyyən qədər prosesə töhfə vermək niyyətindədir. Eyni zamanda çalışır ki, bölgədəki öz hakim gücünü qoruyub saxlaya bilsin, maraqlarını təmin etsin. Çünki məlumdur ki, bütün postsovet məkanında dəyişikliklər gedir və bu dəyişikliklər də ziqzaqvari xarakter daşımaqdadır”-deyə İ.Hüseynov bildirdi.
İradə SARIYEVA