Avtomobillə narkotik daşıyan Lənkəran sakini saxlanılıb
Narkotik vasitənin təsiri altında sükan arxasına əyləşən sürücünün kirayələdiyi avtomobillə narkotik daşıdığı məlum olub. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, Ələt-Astara yolu üzərində yerləşən stasionar postunda “KIA” markalı avtomobilin sürücüsü yol-patrul xidməti əməkdaşının “Saxla” işarəsinə əhəmiyyət verməyərək hərəkətini davam etdirib. YPX Alayının əməkdaşları tərəfindən görülən tədbirlərlə tabesizlik göstərən sürücü – Lənkəran rayon sakini Faiq İsayev saxlanılıb.
"Araşdırma zamanı F.İsayevin avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi və kirayələdiyi avtomobildə narkotik vasitə daşıması müəyyən olunub. Belə ki, avtomobilə baxış zamanı oradan ayrı-ayrı qablaşdırılmış ümumi çəkisi iki kiloqrama yaxın olan narkotik vasitə aşkarlanaraq götürülüb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi məqsədilə avtomobil kirayələyən F.İsayev aidiyyəti üzrə ərazi polis orqanına təhvil verilib. Faktla bağlı araşdırma aparılır", - məlumatda bildirilib.
Mətləb Salahov