Azərbaycanda 1.7 milyon şagird var - dəftər-qələm istehsalı niyə yoxdur?
Firdovsi Şahbazov: “Problem ondadır ki, qeyri-neft sektorunun inkişafı yetərli səviyyədə deyil”
Məlum olduğu kimi, yeni dərs ili yaxınlaşır. Düz bir aydan sonra ölkənin ali və ümumtəhsil məktəblərində dərslər başlayacaq. Tədris ili yaxınlaşdıqca, valideyinlərin qayğıları da artır. Söhbət məktəb ləvazimatlarının alınmasından gedir.
Azərbaycanda ümumi təhsil müəssisələrində 1 milyon 700 minə yaxın şagird təhsil alır. Bununla yanaşı, ölkədə 232 minə yaxın tələbə, 151 min nəfər də müəllim var. Bir aydan sonra dərslər başlayacaq. Bu da öz növbəsində məktəb ləvazimatlarına olan tələbatı artıracaq. Artıq yavaş-yavaş məktəb ləvazimatları bazara çıxarılır. Ancaq problem ondadır ki, adi qələm, pozan, çanta, bir sözlə məktəb ləvazimatının 90 faizindən çoxu xaricdən gətirilir. Hələ bunun geyimi də var.
Maraqlıdır, məktəb ləvazimatlarının istehsalı nə çətin məsələdir ki, buna olan tələbat idxal hesabına təmin edilir? Məgər ölkə daxilində dəftər, çanta istehsal etmək bu qədər çətin və mürəkkəb məsələdir?
“Bu səbəbdən məktəb ləvazimatlarının ölkə daxilində istehsalına maraq yoxdur”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini ölkəmizin qeyri-neft sektorunun yerində sayması ilə əlaqələndirdi: “Əslində, məktəb ləvazimatlarınln istehsalında heç bir çətinlik yoxdur. Bunun üçün yetərincə xammal da var. Sadəcə, Azərbaycanda qeyri-neft sektorunun inkişafı yetərli səviyyədə deyil. Bu səbəbdən məktəb ləvazimatlarının ölkə daxilində istehsalına maraq yoxdur. Məktəb ləvazimatlarının çoxu Çin və Türkiyə istehsalı olan məhsullardır. Kimlərəsə məktəb ləvazimatlarını xaricdən idxal edib ölkədə satmaq sərf edir. Onlar maraqlı deyillər ki, bu məhsullar ölkə daxilində istehsal olunsun. Nəinki məktəb ləvazimatları, digər məhsullarla bağlı da ölkədə analoji vəziyyət hökm sürür. Əfsuslar olsun ki, bir sıra sahibkarlar da bu məhsulları ölkə daxilində istehsal etməkdə, bunun istehsal zəncirini qurmaqda maraqlı deyillər. Sahibkarlarımız daha çox tez gəlir gətirən sahələrə sərmayə qoymaqda maraqlıdılar. Nəticədə milyonlarla vəsait ölkədən xaricə gedir. Halbuki, həmin məhsulların böyük hissəsi ölkə daxilində istehsal olunsa, həm sahibkarlar qazanar, həm ölkədən vəsait çıxmaz, həm də yeni iş yerləri açılacaq. Çünki ölkə daxilində məktəb ləvazimatlarının istehsalı məşğulluq səviyyəinə birbaşa müsbət təsir edir. Əfsuslar olsun ki, biz hələ də bu məhsullara olan tələbatı idxal hesabına təmin edirik. Halbuki, bir daha qeyd edim` ki, bu məhsulların istehsalı üçün potensial var. Həm xammal var, həm də ucuz işçi qüvvəsi”.
Vidadi ORDAHALLI