Xəzərdə canlılar kütləvi qırılır - səbəb?
Yer kürəsində ən böyük qapalı su hövzəsi olan Xəzər dənizində son illər ekoloji problemlər daha da artmaqdadır. Xəzər dənizində kiçik balıqlarla yanaşı böyük balıqlar da ölür. Canlıların kütləvi tələfi Xəzərin bütün hövzələrində müşahidə edilir.
Qazaxıstanda xırda balıqların və xərçənglərin kütləvi tələf olmasından sonra aparılan araşdırma ilə müəyyən edilib ki, canlıların ölümünə dənizə zərərli maddələrin atılması səbəb olub.
Flora Hacıyeva: “Xəzərin səviyyəsinin dəyişməsi fonunda onun canlı aləmi də dəyişikliyə məruz qalır”
Baş verən hadisə ilə bağlı fikir bildirən ekoloq Flora Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Xəzərin səviyyəsinin dəyişməsi fonunda onun canlı aləmi də dəyişikliyə məruz qalır: “Belə ki, səviyyənin enməsi balıqların yerlərini itirməsinə, ümumiyyətlə, balıq ehtiyatının azalmasına gətirib çıxarır. İqlim dəyişmələri ilə əlaqədar dənizdə suyun temperaturunun artması onların populyasiyasına təsir göstərir və onlar digər areallara doğru miqrasiya edirlər. Bunlar isə sırf iqlim faktorlarıdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Xəzər dənizində ekoloji durumun yaxşı olmaması nadir balıq növlərinin də nəslinin kəsilməsinə səbəb olur. Xəzərin ekoloji problemi çox böyük problemdir: “Xəzərdə suyun çəkilməsi oradakı bitki örtüyünün məhvi deməkdir və təhlükə təkcə bununla bitmir. Bu bitkilərlə qidalanan canlıların yemi azalır və bu canlı aləmin genetik müxtəlifliyinə böyük təsir göstərir. Xəzərin suyunun 10-15 sm azalması böyük su kütləsinin itkisi deməkdir”.
Ekoloq hesab edir ki, başqa dənizlərdən fərqli olaraq Xəzər dənizi unikal bir dənizdir, şimalı ilə cənub hissəsi bir-birindən fərqlənir: "Xəzər dənizinin duzluluğu şimal, cənub və orta hissədə fərqlidir. Bu fərqi qoruyub saxlamaq müəyyən canlıları qorumaq baxımından vacibdir. Ona görə də ekoloqların təcrübəsindən istifadə olunmalıdır. Bununla yanaşı, Xəzər həm insanlar, həm də Xəzərətrafı zavod və fabriklərin fəaliyyəti nəticəsində çirklənir. Dənizə Lökbatan yaxınlığından, Hövsandan çox güclü şəkildə kanalizasiya suları axıdılır. İstənilən halda balıqlar analiz olunmalıdır. Yalnız laborator müayinədən sonra balıqların nədən öldüyünü müəyyən etmək olar".
Rövşən Abbasov: “Kütləvi balıq ölümləri daha çox oksigen çatışmazlığı ilə əlaqədar olur”
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, kütləvi balıq ölümləri daha çox oksigen çatışmazlığı ilə əlaqədar olur: "Yay müddətində suyun temperaturunun artması həl olmuş oksigenin kəskin azalmasına səbəb olur və bu da suffikasiya (boğulma) hadisəsinə gətirib çıxarır. Əlbəttə, burada Xəzər hövzəsində olan çirklənmənin də rolu var. Başlıca olaraq bu çirkləndiricilər Volga çayı vasitəsilə gətirilir".
Günel CƏLİLOVA