Vətən igid oğulları ilə tanınır...
Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəbala oğlu Fərzullayev Lənkəran rayonu, Mamusta kəndindəndir. Doğma Vətəni yağı təcavüzünə məruz qalanda sona nəfəsinə qədər döyüşərək 18 yaşında əbədiyyət dünyasına qovuşub. Onun qısa ömür yolu qəhrəmanlıq salnaməsinə dönərək xalqın qəlbində yaşayır. Bu günlərdə isə mamustalılar öz qəhrəman oğlunun 50 yaşını qeyd edib. Belə ki, F.Hüseynov adına Mamusta kənd Mədəniyyət evinin təşkilatçılığı sayəsində baş tutan tədbirə şəhidin ailə üzvləri, silahdaşları, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri qatılıblar.
El-obanın qürur yeri, iftixar mənbəyi olan şəhid Məmməd Fərzullayevin şərəfli həyat yolundan və döyüşlər zamanı göstərdiyi şücaətindən danışanlar bildiriblər ki, günəş ömrü yaşayan Məmməd kənd orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra Moskvaya gedib, burada texniki-peşə məktəbində elektrik qaynaqçısı sənətinə yiyələnib. Azərbaycanda baş verən məlum hadisələrdən narahat olan Məmməd təhsilini yarımçıq qoyaraq Vətənə geri dönüb. 1992-ci ilin sentyabr ayında Şirvan şəhərində həqiqi hərbi xidmətə başlayıb.
Ürəyi Vətən sevdalı Məmmədin ilk döyüş yolu Ağdərədən keçib. Burada göstərdiyi cəsarəti, qorxmazlığı taqımda hamıya nümunə olub. Sonra könüllü kəşfiyyatçılar bölüyünə qoşulub. Növbəti dəfə kəşfiyyatdan qayıdarkən Məmməd və döyüşçü dostları mühasirəyə düşüblər. Məmməd döyüşdə ağır yaralanıb, çoxlu qan itirdiyinə görə cəsur əsgər qəhrəmancasına həlak olub. Onun cənazəsi doğulub boya-başa çatdığı kəndin qəbiristanlığında torpağa tapşırılıb.
Atası Mirzəbala kişi oğul dərdinə dözməyərək ilinə bir neçə gün qalmış vəfat edib. Məmməd Fərzullayev Mamusta kəndinin ilk şəhididir. Təhsil aldığı Mamusta kənd tam orta məktəbi onun adı verilib.
Tədbir iştirakçıları sonda şəhid Məmmədin doğma kəndində uyuduğu müqəddəs torpağı ziyarət edib, məzarına gül dəstələri düzməklə bir daha ona olan sonsuz ehtiramlarını göstəriblər.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü