Şəhid Nurlanın 30 yaşı tamam oldu... - FOTO
Doğma Vətənini canından artıq sevən, 44 günlük haqq savaşımızda müharibə meydanında onun uğrunda son nəfəsə qədər döyüşüb şəhid olan qəhrəmanlardan biri də Nurlan Fərrux oğlu Əbilovdur. İndi adı dillərdə dastan olan igid Vətən sevdalısı cismən aramızdan getsə də, qəlblərdə yaşamaqla həmişə böyük ehtiramla xatırlanır.
Şəhid Nurlanın 30 yaşı tamam oldu. Bu münasibətlə tədbir baş tutdu. Masallı rayonu, Şərəfə kəndində şəhidlərin xatirəsinə ucaldılmış “Şəhidlər and yerimiz” adlı abidə kompleksinin önündə keçirilən tədbirdə Şərəfə kənd folklor evinin, ərazi nümayəndəliyinin, tibb məntəqəsinin, məktəbin, uşaq bağçasının əməkdaşları, balaca fidanlar, kənd ictimaiyyəti iştirak edirdilər.
Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın möhtəşəm zəfəri ilə başa çatan 44 günlük Qarabağ müharibəsində torpaq uğrunda can qoyan Vətən övladlarının keçdiyi şərəfli döyüş yolundan danışıldı, onların göstərdiyi xidmətlərdən və şücaətlərdən qürurla söz açıldı. O da bildirildi ki, Azərbaycanın yeni, şanlı tarixini yazan qəhrəmanlar heç vaxt unudulmaz. Şəhid Nurlan da onların arasında. Onun günəş ömrü zaman-zaman gələn nəsillərə örnək olacaqdır.
Daha sonra uşaqların ifasında vətənpərvərliyə və qələbəyə aid şerlər səslənildi.
Nurlan Əbilov 1994-cü ildə Masallı rayonunun Ağakişibəyli kəndində anadan olub. Atasını uşaq ikən, anasını isə 23 yaşında itirib. Orta təhsilini aldıqdan sonra Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə qəbul olub. Anası xəstə olduğuna görə təhsilini donduran Nurlan bu səbəblə diplomunu ala bilməyib, sonradan ailəsinə çatdırılıb.
Vətən müharibəsi zamanı Füzulinin azad edilməsi uğrunda gedən ölüm-dirim savaşına qatılıb. 8 oktyabr 2020-ci ildə baş nahiyəsindən ağır yaralanıb. Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunub. Həkimlərin səyinə baxmayaraq 19 aprel 2021-ci ildə Vətən eşqli ürəyi əbədi dayanıb. Masallı rayonunun Şərəfə kəndində sevdalandığı torpağa qovuşub.
Dövlət tərəfində “Vətənə xidmətə görə” ordeninə, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin, Şuşanın azadlığına görə medallarına layiq görülən şəhid Nurlan Əbilovun iki oğlu yadigar qalıb.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü