Çatdırılma xidməti altında sərnişindaşıma fəaliyyəti - taksi sahəsində yeni problem...
Taksi fəaliyyəti son illərdə ən çox müzakirə olunan mövzulardan biridir. Məlumdur ki, iyulun 1-dən tətbiq edilən yeniliklər məhz xidmət səviyyəsini və sərnişinlərin təhlükəsizliyini yüksəltməyə yönəlib.
Dəyişikliklərə əsasən, köhnə avtomobillər taksi kimi istifadə oluna bilməz və fəaliyyətə buraxılış kartı almaq üçün avtomobil ən geci 8 il əvvəl istehsal olunmalıdır. Salonda nağdsız ödənişlər üçün POS-terminal, kondisioner, taksi sayğacı və s. olmalıdır. Sürücülər xüsusi hazırlıq keçib sertifikat almalıdırlar.
Dəyişikliklərdən müsbət gözləntilər olsa da, hazırkı vəziyyət əksini göstərir. Yeni tələblərin tətbiqindən sonra sürücülərin ünvanlara fərqli avtomobillə gəlməsi, çatdırılma xidməti adı altında sərnişindaşımaların həyata keçirilməsi halı müşahidə olunur. Hətta rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov da Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirən zaman bu məsələyə toxunub.
Aslan Əsədov: “Taksilərlə bağlı negativ halların aşkar olunması onu göstərir ki, bu sahədə aparılan mübarizə yetərincə deyil”
Mövzu ilə bağlı fikir bildirən nəqliyyat eksperti Aslan Əsədov “Bakı-Xəbər”ə şərhində bunları dedi: “Taksilərlə bağlı negativ halların aşkar olunması onu göstərir ki, bu sahədə aparılan mübarizə yetərincə deyil. Həmçinin, taksi sahəsində aparılan tənzimlənmələr sərt şəkildə həyata keçirilir. Bunun üçün qanundan yayınma, sui-istifadə hallarına rast gəlinir. Yaxşı olar ki, taksi fəaliyyəti ilə məşğul olan şirkətlərin rəhbər heyətləri ilə görüş keçirilsin, təmas qurulsun. Bu olduqca yaxşı və doğru addımdır. Onlarla görüş taksi sahəsində yaşanan problemlərin həlli istiqamətində atılan addımlar deməkdir. Insanların problemi dinlənilib aidiyyəti qurumlara təqdim ediləndə problem öz həllini tapır”.
Elməddin Muradlı: “Bu gün onlar hesab edirlər ki, yeni bir üsülla fəaliyyət göstərə bilərlər, amma bu addımla fəaliyyət göstərdiyi şirkətə çox ciddi formada zərər verə bilər“
Nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, vətəndaşların son dövrlərdə narazılıq etdiyi məsələlərdən biri sifarişlərə qeyri-ciddi yanaşmadır: “Belə ki, sürücülər yeni avtomobillə qeydiyyatdan keçirlər, ancaq ünvana köhnə maşınla gəlirlər. Sürücülər hesab edirlər ki, belə etməklə qanundankənar taksiçiliklə məşğul ola bilərlər. Lakin nəzərə almaq lazımdır ki, bu əmələ görə şirkətləri 40 min manata qədər cərimə gözləyir. Buna yol verən sürücülərin də gələcəkdə taksi sürücüsü kimi fəaliyyət göstərməsinin qarşısı alına bilər. Bu, elə də qeyri-ciddi məsələ deyil. Yaxşı olar ki, sürücülər qaydalara əməl etsin. Əks təqdirdə onların vəziyyəti ağırlaşa bilər. Bu gün onlar hesab edirlər ki, yeni bir üsülla fəaliyyət göstərə bilərlər. Amma bu addımla fəaliyyət göstərdiyi şirkətə çox ciddi formada zərər verə bilər. Şirkət ağır formada cəzalanacaqsa, təbii ki, bundan sürücüyə də pay düşür. Bu, davamlı ola biləcək bir xəta deyil. Sonra bunun acı nəticələrinə də qatlanmaq lazım olacaqlar”.
Günel CƏLİLOVA