Olimpiya çempionları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər
5 avqustda Paris 2024 Yay Olimpiya Oyunlarının qızıl medalçıları Hidayət Heydərov və Zelim Kotsoyev Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər. Bu barədə baki-xeber.com-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib. Çempionlar bildirib ki, beynəlxalq arenalarda qaldırdıqları Azərbaycan bayrağı Ulu Öndər Heydər Əliyevin, şəhidlərin və qazilərin sayəsində qüdrətlidir. Medalçılar Ulu Öndəri və şəhidləri ziyarət edib ruhları qarşısında baş əyməyi özlərinə borc bilib. Hidayət və Zelim Ulu Öndər Heydər Əliyevin məzarı önünə güllər qoyub, xatirəsini ehtiramla anıblar. Ziyarət zamanı Ulu Öndərin həyat yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.
Daha sonra çempionlar Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.
İradə SARIYEVA