Türkiyədən qalxan təyyarə gizlicə İrana endi - Tehran yaxınlığında İsraillə bağlı gizli ABŞ-İran görüşü... GİZLİ GÖRÜŞÜN ŞOK DETALLARI...
İranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra qisas açılamaları ard-arda gəlir. Tehran İsrailə böyük cəza veriləcəyini bəyan edib. İranın ali lideri Xamneyinin müharibə səlahiyyətlərinin prezident Məsud Pezeşkiana verilməsi haqqında fərmanı təsdiqlədikdən sonra gərginlik daha da artıb. İranın hər an İsrailə hücum edəcəyi gözlənilir.
ABŞ isə artan gərginliyi dayandırmaq üçün hərəkətə keçib. Küveytin “El Ceride” qəzeti yazır ki, ABŞ nümayəndə heyəti cümə axşamı gizli şəkildə Türkiyədən qalxan özəl təyyarə ilə İrana gedib. Təyyarə Tehran yaxınlığındakı Karan şəhərinə eniş edib və orada İranın kəşfiyyat-xarici işlər komandası ilə 2 saatlıq kritik görüş keçirilib.
Görüş zamanı ABŞ rəsmiləri İran nümayəndələrinə xəbərdarlıq ediblər ki, Netanyahu böyük regional müharibə istəyir: "O, İranı məhv etmək istəyir. Netanyahunun hiyləsinə qapılmayın".
Rəsmilər ABŞ-ın İsmayıl Haniyənin öldürülməsindən xəbərsiz olduğunu bildirərək Netanyahunun nəzarətdən çıxdığını bildiriblər.
Görüş zamanı ABŞ nümayəndə heyəti “Bizim Haniyənin öldürülməsindən xəbərimiz yox idi” deyiblər və xoş niyyət əlaməti olaraq da iranlı heyətə İrandakı bəzi Mossad agentlərinin siyahısını veriblər.
"Prestij üçün hücum etmək istədiyinizi anlayırıq. Amma bunu böyütməyin. Əgər dərhal nüvə anlaşması əldə etsək, Netanyahuya ən böyük zərbəni siz vuracaqsınız" - deyə ABŞ nümayəndə heyəti görüşdə deeyib.
Trampın İrana qarşı daha sərt olduğu və Bayden administrasiyası ilə dərhal razılaşma əldə olunarsa, Trampın manevr imkanlarının qalmayacağı xatırladılıb.
"El Ceride" yazır ki, amerikalılar İran nümayəndə heyətinə Baydenin İranla müharibə etmək istəmədiyi, Netanyahudan da məmnun olmadığı və böyük müharibə istəmədiyini deyiblər. Ancaq İrana xatırladılıb ki, bütün bunlara baxmayaraq, İran hücum edəcəyi təqdirdə İsraili müdafiə edəcəklər.
Tahir TAĞIYEV