"Bakı-Xəbər"ə qarşı sərgilənən çirkin davranış da bir daha sübut edir ki, Facebook antiazərbaycan dövlətlərin, təşkilatların maraqlarına xidmət edir" - Akif Nəsirli
"Digər sosial şəbəkələri deyə bilmərəm, amma Facebook-da bunu şəxsən biz özümüz də müşahidə etmişik. Facebook müəyyən yazıları heç bir əsas olmadan silir. Bu proses iyun ayında başladı. Əvvəllər intiharla bağlı xəbərləri silirdilər, sonra siyasi yazıları da silməyə başladılar. Facebookda yalnız baki-xeber.com-un paylaşımları silinmir, bu platformada bütün Azərbaycan mediasına qarşı böyük bir basqı, hücum var. Bəlkə də başqa ölkələrin mediasına da basqı var, amma məlumatım yoxdur. Amma faktiki olaraq Facebook Azərbaycan mediasına qarşı ayrı-seçkilik edir, çirkin bir kampaniya başlayıb.
"Bakı-Xəbər"ə qarşı sərgilənən çirkin davranış da bir daha sübut edir ki, Facebook antiazərbaycan dövlətlərin, təşkilatların maraqlarına xidmət edir". Bunu baki-xeber.com-a açıqlamasında Lim10.az saytının baş redaktoru Akif Nəsirli “Bakı-Xəbər” qəzetinin eyni adlı saytının (baki-xeber.com) paylaşımlarının sosial mediada, əsasən də Facebook-da dərhal və səbəbsiz olaraq silinməsinə münasibət bildirərkən deyib.
"Hesab edirəm ki, ölkənin media qurumlarına, Azərbaycan Mətbuat Şurasına, Medianın İnkişafı Agentliyinə, bunlarla yanaşı siyasi elitaya bu barədə informasiya verilməlidir. Çünki Azərbaycan mediası həm də bir növ Azərbaycanın beynəlxalq səviyyədə apardığı siyasəti, hazırkı diplomatik mübarizəni dəstəkləyir. Amma bu silinmələr, bu senzura bu dəstəyin səmərəliliyini aşağı salır. Ona görə də, fikrimcə, Azərbaycan hökuməti səviyyəsində bu məsələyə münasibət bildirilməlidir. Eyni zamanda Facebook sosial şəbəkəsindən bu yöndə sorğular alınmalıdır.
Hesab edirəm ki, İlon Maskın "X" hesabında açıqladığı məlumatlar əsassız deyil. Biz bunu Facebook-un paylaşımları silməsinin timsalında da görürük.
Azərbaycan mediasının paylaşımlarının Facebook tərəfindən silinməsi məsələsi Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərinin də nəzərinə çatdırılmalıdır. "Bakı-Xəbər " də daxil olmaqla, bir sıra media orqanlarının paylaşımlarına senzura tətbiq olunur. Buna aydınlıq gətirilməlidir" - deyə A. Nəsirli bildirdi.
Qeyd edək ki, xeyli bir müddətdir “Bakı-Xəbər” qəzetinin eyni adlı saytından (baki-xeber.com) paylaşılan yazılar sosial mediada dərhal və səbəbsiz olaraq silinir. Bu, xüsusilə də Facebook sosial platformasında daha açıq formada müşahidə edilir.
"Bakı-Xəbər", xüsusilə İlon Maskın Avropa Komissiyası ilə digər sosial şəbəkə platformalarının rəhbərləri arasında gizli sövdələşmə olduğu barədə X hesabındakı paylaşımını yaydıqdan sonra baki-xeber.com saytının yazılarının Facebook-da silinməsi daha da intensivləşib, yazılara blok qoyulur, senzura tətbiq olunur.
İradə SARIYEVA