Türkiyə ABŞ-ın cavabını verdi - Azərbaycansız Ermənistanla sərhəd açılmayacaq...
Qulamhüseyn Əlibəyli: “İki ölkə arasında sülh sazişi imzalanmasa sərhəd açılmayacaq”
Türkiyə Respublikası qonşu Ermənistanla sərhədi bu ölkə ilə Azərbaycan arasında münasibətlər normallaşdıqdan sonra aça bilər. Türkiyənin xarici işlər naziri Hakan Fidan bu məsələ ilə bağlı Ankaranın mövqeyini İrəvanın diqqətinə çatdırıb.
“Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi davam edir. Müsbət nəticə olacağı təqdirdə ssenarimizi hazırlamalıyıq və bu istiqamətdə iş gedir. Normallaşma prosesi başa çatsa, müsbət ssenarini aktivləşdirəcəyik, yəni sərhəddə qapılarımızı aça bilərik”, - Hakan Gidan “Sabah” qəzetinə müsahibəsində deyib.
Son vaxtlar belə məlumatlar var idi ki, ABŞ sülh müqaviləsi olmadan Ermənistan-Türkiyə sərhədlərini açmağa çalışır. O baxımdan Fidanın bu açıqlaması bu yöndə narahatlıqları tam ortadan qaldırırmı?
“Ermənistanla məsləhətləşmələrin aparılmasının Ankaranın prinsipial mövqeyinə heç bir təsiri yoxdur”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, bu yöndə Türkiyə ilə bağlı hər hansı narahatlığa əsas yoxdur: “Hesab edirəm ki, Hakan Fidanın açıqlamasından asılı olmayaraq Türkiyənin fəaliyyəti, siyasəti ilə əlaqədar ciddi narahatlıq üçün heç bir əsas yoxdur. Təbii ki, Türkiyə müstəqil dövlət olaraq öz xarici siyasətini özü müəyyənləşdirir. Ancaq nəzərə almaq lazımdır ki, Türkiyə Azərbaycanla strateji müttəfiqidir. İki ölkə arasında bütün sahələrdə, o cümlədən də xarici siyasət sahəsində də fəaliyyət əlaqələndirilir. Hazırda, ümumiyyətlə, türk dövlətlərinin xarici siyasət sahəsinin əlaqələndirilməsi gündəmdə durur. Bu nöqteyi-nəzərdən Türkiyə hər zaman Azərbaycanın yanında olub və ölkəmizin yanında da olacaq. Ona görə də Ermənistanla bağlı sərhədlərin açılması ilə əlaqədar danışıqlar, məsləhətləşmələr və s. davam edə bilər. Ancaq Türkiyənin prinsipial mövqeyi ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi olmadan sərhədlər açılmayacaq. Bu, Türkiyənin strateji mövqeyidir. Ona görə də bu mövqeyi dəyişmək üçün heç bir əsas yoxdur. Bu baxımdan hesab edirəm ki, 44 günlük Vətən müharibəsində olduğu kimi, Türkiyə bu gün də Azərbaycanın yanındadır. İndi sərhəddə və başqa yerdə ayrı-ayrı görüşlər keçirilə bilər ki, gələcəkdəki fəaliyyəti əlaqələndirmək mümkün olsun. Ancaq istənilən halda bu, prinsipial mövqeyi dəyişmir. Yəni Azərbaycanla sülh sazişi imzalanmasa Ermənistanla sərhəd açılmayacaq. Ona görə də Türkiyənin bu mövqeyini qəbul etmək və ona hörmət etmək lazımdır. Düzdür, bəzi sosial şəbəkələrdə ayrı-ayrı adamlar Türkiyənin bu mövqeyini tənqid edirlər, ancaq hesab edirəm, bunların əsası yoxdur. Bir sözlə, Ermənistanla məsləhətləşmələrin aparılmasının Ankaranın prinsipial mövqeyinə heç bir təsiri yoxdur”.
Vidadi ORDAHALLI