"London taksiləri" Binəqədi "qəbiristanlığında" niyə boş yerə çürüdülür?..
2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Azərbaycana gətirilən “London taksiləri”nin Lökbatan qəsəbəsindəki qarajda baxımsız halda saxlanılması uzun müddətdir müzakirə edilir. 2016-2017-ci illərdən etibarən taksi parkında yığılan minik avtomobillərinin əksəriyyəti tamamilə yararsız hala düşüb və yüzlərlə “London TX4” modelli avtomobil məhvetməyə göndəriləcəyi günü gözləyir.
Deyilənə görə, Binəqədi qəsəbəsində “London taksisi” qəbiristanlığı yaranıb. Həmin nəqliyyat vasitələrinin çürüməsindənsə onlara hansısa xidmət sahəsinə yönəlməsi, hazırda işsiz olan taksi sürücülərinə paylanılması və ya dövlət tərəfindən münasib qiymətə satışa çıxarılması təklif olunur.
Maraqlıdır, bu taksilərin aqibəti necə olacaq?
AYNA: “İstismar müddəti başa çatan avtomobillərlə bağlı qanunvericiliyin tələblərinə əsasən tədbir görüləcək”
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Bakı-Xəbər”ə bildirildi ki, “LEVC TX4" London taksilərinin əksəriyyətinin istismar müddəti başa çatıb: “İstismar müddəti başa çatan avtomobillərlə bağlı qanunvericiliyin tələblərinə əsasən tədbir görüləcək”.
Eldəniz Cəfərov: “Bənövşəyi rəngli “London taksiləri”nin Azərbaycana gətirilməsindən 13 il keçir və artıq bu avtomobillərin istismar müddəti başa çatıb”
Nəqliyyat eksperti Eldəniz Cəfərov hesab edir ki, bu maşınların istismar müddəti bitdiyindən, təmir və ehtiyat hissələrinin əldə edilməsi, demək olar ki, mümkün deyil: “Bənövşəyi rəngli “London taksiləri”nin Azərbaycana gətirilməsindən 13 il keçir və artıq bu avtomobillərin istismar müddəti başa çatıb. Məlumdur ki, hər bir avtomobili də istehsalçıdan və ya distribütordan aldıqda, onların zəmanət müddəti olur. Bu avtomobillərin isə zəmanət müddəti artıq bitib. Zəmanət müddəti bitibsə, təbii ki, bunların servis xidməti, ehtiyat hissələrinin təmir olunması da bitib. Ümumiyyətlə, bu maşınların bu gün Bakıda istifadə olunması aktual deyil”.
Fərid Həşimov: “London taksiləri boş yerə çürüməkdənsə başqa məqsədlər üçün istifadə oluna bilər”
Nəqliyyat ekspert Fərid Həşimov “Bakı-Xəbər”ə açıqlamasında vurğuladı ki, bu gün Azərbaycanın taksi sahəsində vəziyyət fərqli istiqamətdə dəyişir: “Bir zamanlar Bakı küçələrində hərəkət edən London taksiləri artıq çürüyür. Həmin nəqliyyat vasitələri boş yerə hədər olmasındansa hansısa bir sahədə istifadə oluna bilər. Nəzərə almaq lazımdır ki, dövlət həmin nəqliyyat vasitələrinin alınmasına vəsait xərcləmişdi. London taksiləri boş yerə çürüməkdənsə başqa məqsədlər üçün istifadə oluna bilər. Məsələn, onun detallarından istifadə etmək olar, eyni zamanda, təmir etdirib ucuz qiymətə satışa çıxarmaq olar. Hökmən deyil ki, taksi kimi xidmət göstərsin, başqa sahədə də istifadə oluna bilər. Bakı yollarında, küçələrində hərəkət etmələrini istəmirlərsə rayonlara göndərsinlər orda istifadə olunsun. Maşına hər yerdə ehtiyac var, boş yerə çürüməkdənsə kiminsə əlindən tutar”.
Günel CƏLİLOVA