Rusiya hərbçilərinin İrəvandan çəkilməsinə ABŞ nəzarət edir...
Ramil Məmmədli: “Strateji məqsəd odur ki, Rusiya tamamilə Cənubi Qafqazdan sıxışdırılıb çıxarılsın”
ABŞ Ermənistanın Rusiyadan uzaqlaşmasına şərait yaradır. Bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn deyib.
Vaşinqtonun Ermənistanın Rusiyadan uzaqlaşması üçün şərait yaratdığını deyən amerikalı diplomat bildirib ki, minlərlə rusiyalı, FTB əsgərinin ölkədən çıxarılması üçün verilən vaxt bu həftənin sonunda başa çatır.
"Bu ona görə vacibdir ki, onların bir hissəsi aeroport ərazisində idi və sanksiyalardan yayınmalar da məhz orada baş verirdi. Rusiyanın Ermənistanın suveren xahişinə necə əməl edəcəyini görəcəyik” - deyə O`Brayn bildirib.
Bu arada, Ermənistan KİV məlumat yayıb ki, Rusiya sərhədçiləri “Zvartnots” hava limanında xidmətini rəsmən başa vuraraq oradan çəkilməyə başlayıblar.
Gör Ermənistanla ABŞ arasında olan yaxınlaşma hansı səviyyəyə çatıb ki, faktiki olaraq Rusiya hərbçilərinin İrəvandan çəkilməsinə Vaşinqton nəzarət edir.
“Bütün bunlar Birləşmiş Ştatların açıq şəkildə Rusiyanı Ermənistandan çıxarmaq istəməsinin göstəricisidir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədli buna bir neçə prizmadan yanaşdı: “Bütün bunlar Birləşmiş Ştatların açıq şəkildə Rusiyanı Ermənistandan çıxarmaq istəməsinin göstəricisidir. Rusiya sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılmasının təlimatını Paşinyana verən ABŞ olub. Çünki Qərbdən Ermənistana hərbi daşımalar, gizli xarakterli gediş-gəlişlər “Zvartnots” hava limanında rus sərhədçiləri tərəfindən fiksə olunurdu. Ona görə də bu, ABŞ-ı narahat edirdi. Bu səbəbdən birinci hava limanından başladılar. Proses bu cür davam edərsə, istisna etmirəm ki, Paşinyan Rusiyanın Ermənistanda olan hərbi kontingentinin sayını azaltmaq üçün digər addımları da atacaq. ABŞ-Ermənistan hərbiçilərinin birgə təlimləri, Fransanın hücum silahlarını verməyə başlaması bütün bunlar bir-biri ilə əlaqəlidir. Əvvəllər ABŞ-ın bu yöndə fəaliyyəti gizli idisə, indi bunu açıq formada həyata keçirirlər. Ukraynada gedən müharibə ABŞ-ı Ermənistanda daha ciddi addımlar atmağa həvəsləndirir. Burada strateji məqsəd odur ki, Mərkəzi Asiyadan gələn yüklər Rusiyanın nəzarəti olmadan Avropaya daşınsın. Strateji məqsəd odur ki, Rusiya tamamilə Cənubi Qafqazdan sıxışdırılıb çıxarılsın. ABŞ-ın öz məqsədlərinə nə dərəcədə nail olacağını demək çətindir. Çünki regionda böyük dövlətlərin, o cümlədən region ölkələrinin geosiyası maraqları toqquşur”.
Vidadi ORDAHALLI