İran Milli Bankının Bakı filialında nöqsanlar - bağlana bilərmi....
Əkrəm Həsənov: “Ölkədə az kapitallı banklar sıradan çıxacaq, böyük kapitallı və güclü banklar fəaliyyətini davam etdirəcək”
“Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialında yoxlama tədbirləri həyata keçirib. Bankda bəzi çatışmazlıqlar aşkar olunub”. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu çatışmazlıqların aradan qaldırılması üçün tapşırıqlar verilib: “Hazırda AMB orada görülən işlərə nəzarət edir. Bankın maliyyə dayanıqlığı göstəriciləri hər hansı bir təhdid yaratmır”.
Qeyd edildiyi kimi, Mərkəzi Bank İran Milli Bankının Bakı filialında yoxlama aparan zaman bəzi çatışmazlıqlar aşkar olunub.
Xatırladaq ki, bir il öncə AMB "Bank Melli İran"ın Bakı filialının fəaliyyətini məhdudlaşdırmışdı. O zaman hesabdan pulların köçürülməsindən başqa bütün bank əməliyyatları (depozitlərin qəbulu, kreditin verilməsi və sair) dayandırıldı. Məlumat üçün bildirək ki, Azərbaycan Mərkəzi Bankı (AMB)1993-cü ildən Azərbaycanda fəaliyyət göstərir və nizamnamə kapitalı 73,611 milyon manatdır.
Maraqlıdır, İran Milli Bankının Bakı filialında aparılan yoxlama zamanı aşkar olunan çatışmazlıqlar adıçəkilən bankın fəaliyyətinə təsir edəcəkmi?
“Azərbaycanda elə bank yoxdur ki, Mərkəzi Bank orda yoxlama aparan zaman çatışmazlıq aşkar etməsin”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda elə bank yoxdur ki, Mərkəzi Bank orda yoxlama aparan zaman çatışmazlıq aşkar etməsin: “Şəxsən mən bir bank mütəxəssisi kimi banklarda o qədər çatışmazlıq, qüsur, kobud pozuntular tapa bilərəm. Yaxşı olar ki, bankda nə kimi çatışmazlıqlar, pozğunluq aşkar olunduğu açıqlansın. Zamanla bu bankın fəaliyyətində ciddi probleminlərin olduğu aşkar olunub. Hətta ötən il Mərkəzi Bankın qərarı ilə İran Milli Bankının Bakı filialına əmanət qəbulu dayandırıldı. Nəzərə almaq lazımdır ki, əmanət qəbul edə bilməyən bank gec-tez fəaliyyətini dayandırmalı olur”.
Ə.Həsənov onu da dedi ki, Mərkəzi Bank kredit təşkilatlarının sayını azaltmaqla, bu sahədən gələn gəlirləri daha az banklar arasında paylaşmağa çalışır. Beləliklə də, ölkədə az kapitallı banklar sıradan çıxacaq, böyük kapitallı və güclü banklar fəaliyyətini davam etdirəcək.
Günel CƏLİLOVA