"Seçki prosesində biz bütün maraqlı tərəflərlə əməkdaşlıq etməyə şadıq" - ATƏT-in missiya rəhbəri
Bakıda olmaqdan məmmunluğumu ifadə edirəm. Bu seçki prosesində biz bütün maraqlı tərəflərlə əməkdaşlıq etməyə şadıq. Trend-in məlumatına görə, bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçiriləcək parlament seçkilərində müşahidə missiyasının rəhbəri Ditmir Buşati bu gün keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, missiyaları Mərkəzi Seçki Komissiyasının müraciəti əsasında gəlib.
“Azərbaycanda bundan əvvəl də seçkilər zamanı 10-dan artıq bu cür missiya həyata keçirilib və ən son missiya prezident seçkilərində gəlmişdi. Bizim cari missiyanın XİN və MSK-da görüşləri keçirilib və bizimlə əməkdaşlığa görə onlara minnətdarlığımızı bildiririk. Məlumdur ki, ATƏT 57 üzv dövlətdə təmsil olunur. Azərbaycan da daxil olmaqla, digər bütün ölkələr insan hüquqlarına dair öhdəliklər götürüblər və eyni zamanda, seçkilərdə müşahidə üçün öhdəlik götürüblər.
Hazırkı missiyanın əsas komandasının üzvləri 11 nəfərdən ibarətdir və onlar, əsasən, Bakıda fəaliyyət göstərəcəklər. Bakıda yerləşəcək əsas komandanın üzvləri Azərbaycanın digər bölgələrinə də səfər edəcəklər. 6 avqustda isə Azərbaycana uzunmüddətli 28 müşahidəçi gələcək. Onlar regional səviyyədə seçki prosesini uzunmüddətli müşahidə edəcəklər.
Seçki günü qısa müddətdə gələcək 280 müşahidəçi də artıq öz müraciətlərini ediblər. Onlar seçki günündə prosesi müşahidə edəcəklər. Son 30 il ərzində ATƏT-ə üzv 57 ölkədə 400-ə yaxın seçki prosesini müşahidə etmişik. Bizim müşahidə prosesi seçkidən əvvəl, seçki zamanı və seçkidən sonra özünü ifadə edir. Bizim missiyamıza media monitorinq komponenti də daxildir. Bu isə özündə medianın seçkilərlə bağlı istər kəmiyyət, istərsə də keyfiyyətcə necə işıqlandırdığını ifadə edir.
Seçki kampaniyasının qiymətləndirilməsi də bizim missiyamıza daxildir. Bizim missyamızın məqsədi hər hansı bir müdaxilə deyil, bizim missiyamız müşahidə edib qiymətləndirməkdir və müşahidənin nəticələri də bizim hesabatımızda dərc ediləcək.
Seçkinin növbəti günündə, yəni sentyabrın 2-də biz mətbuat konfransı keçirəcəyik və seçkilərlə bağlı ilkin qənaətlərimizi və nəticələrimizi orada açıqlayacağıq. Seçki prosesində qanunvericiliyini icra prosesi həmin bəyanatda öz əksini tapacaq. Yekun hesabat isə sonrakı müddətdə dərc olunacaq. Ehtiyac olarsa o hesabatda müəyyən tövsiyyələr irəli sürüləcək”, - deyə o qeyd edib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.