Moldovada iki yüksək rütbəli məmur həbs edildi, Rusiya diplomatı isə ölkədən qovuldu...
Moldova XİN Rusiya səfirliyinin əməkdaşını "arzuolunmaz şəxs" elan edib. Bu barədə Moldova XİN-ə çağrılan Rusiya səfiri Oleq Vasnetsov jurnalistlərə açıqlamasında deyib. O, qeyd edib ki, hərbi attaşenin köməkçisi "persona non grata" elan edilib və müəyyən zaman müddətində ölkəni tərk etməlidir".
Bundan əvvəl səfir O.Vasnetsov Moldova Xarici İşlər Nazirliyinə çağırılıb və Moldovanın iki rəsmisinə qarşı dövlətə xəyanət ittihamı ilə bağlı yerli mətbuatda məlumat yayıldıqdan sonra ona etiraz notası təqdim edilib.
Qeyd edək ki, iyulun 31-də Moldova parlamentində axtarışlar aparılıb, iki nəfər dövlətə xəyanət ittihamı ilə saxlanıb. Moldova Prokurorluğunun məlumatına görə, onlardan biri Moldovanın maraqlarına zərər vuran məlumatları səfirlik əməkdaşına ötürdükdən sonra dövlətə xəyanətdə şübhəli bilinir.
Digər məmur isə Moldovaya qarşı və şəxsi maraqları üçün hərəkətlərdə şübhəli bilinir. Prokurorluğun məlumatına görə, o, ölkənin əleyhinə istifadə oluna bləcək məlumat toplayaraq səfirlik əməkdaşına ötürüb.
Moldova mediası yazır ki, burada söhbət Rusiyanın Moldovadakı səfirliyindən gedir.
TAHİR