Şəhid Zaurdan bəhs edən kitabın təqdimatı oldu
44 günlük haqq savaşımızda müharibə meydanında hünər göstərib adını tarixə yazan Zaur Nizami oğlu İsmayılzadə Lənkəran rayonu, İstisu qəsəbəsində dünyaya göz açıb.
Bu Vətən sevdalısı 30 il əsir düşən Qarabağın azadlığı naminə ömrünün ən gözəl zamanında, 25 yaşında əbədiyyətə qovuşub. Vətən, xalq adı dastana düşən qəhrəman oğlunu bağrına basmaqla bərabər layiq görüldüyü “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Müharibə iştirakçısı”, Füzulinin, Şuşanın azadlığına görə medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni gələn nəsillərə yadigar qalıb.
AZTV-nin əməkdaşı, hərbi jurnalist Ötərxan Eltac şəhid Zaur İsmayılzadənin qəhrəmanlıq yolundan bəhs edən kitab yazıb. Kitab ''Buğra tələsi'' adlanır. Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində-Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi və Mirvarid Dilbazi Poeziya Məclisinin birgə təşkilatçılığı ilə kitabının təqdimatı və ölümsüzlüyə qovuşan zəfər şəhidinin anadan olmasının 29-cu il münasibəti ilə tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldar Tomarlı açdı. O, şəhid Zaur İsmayılzadənin qəhrəmanlıq yolundan danışdı. Ardınca Vətən yolunda canından keçən şəhidlərimiz bir dəqiqəlik sükutla anıldı. Dövlət himnimiz oxundu.
Çıxış edənlər-Lənkəran şəhər İcra başçısının müavini Ülviyyə Əliyeva, kitabın müəllifi Ötərxan Eltac, Əməkdar Mədəniyyət işçisi, aşıq Solmaz Kosayeva, Brilyant Atəş, Mübariz Süleymanlı, Rafiq Abbasov və neçə-neçə söz sahibi bizi birliyimizə, bütövlüyümüzə qovuşduran qəhrəman oğulların şücaətindən, dövlətin şəhid ailələrinə diqqət və qayğısından danışdılar.
Daha sonra Zaur İsmayılzadədən bəhs edən video-çarx nümayiş olundu.
Güllü Eldar Tomarlı sonda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Lənkəran Şəhər İcra Hakimiyyətinə və bütün tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Tədbir başa çatdıqdan sonra şəhid Zaur İsmayılzadənin məzarı ziyarət olundu və önünə təzə-tər gül dəstələri qoyuldu.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü