Azərbaycanın dövlət borcu 28 milyarda qalxıb - yaxşı ki, xarici borc böyük deyil...
2025-ci il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcunun 5 milyard 214,4 milyon ABŞ dolları, daxili dövlət borcunun isə 19 milyard 310,8 milyon manat olmaqla ümumi dövlət borcunun 28 milyard 175,2 milyon manat təşkil edəcəyi gözlənilir. Bu barədə Maliyyə Nazirliyinin ilin sonuna olan gözləntiləri ilə bağlı arayışında deyilir.
Qeyd edilir ki, gələn ilin əvvəlinə xarici dövlət borcunun 49,1%-inin 5 ilədək, 44,7%-inin 5-10 il ərzində, 6,2%-inin isə 10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir. Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin 10 ilədək müddətə təqribən müvafiq istinad dərəcəsi, üstəgəl 0,8 faiz dərəcəsi ilə, 10-20 illik müvafiq istinad dərəcəsi üstəgəl 1 faiz dərəcəsi ilə, 20 ildən artıq müddətə isə müvafiq istinad dərəcəsi üstəgəl 1,2 faiz dərəcəsi ilə cəlb olunması nəzərdə tutulur.
Vüqar Bayramov: “Xarici borcun dövlət payı nəzərə alınarsa hazırda bu, ölkə iqtisadiyyatı üçün hər hansı bir risq formalaşdırmır”
Mövzu ilə bağlı fikir bildirən millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanın xarici borcu xarici strategiyaya uyğun olaraq formalaşır: “Xarici borc strateji istiqamətlər üzrə istifadə olunur. Azərbaycanda prioritet istiqamətlər üzrə daxili və xarici borclanma siyasəti həyata keçirilir. Nəzərə almaq lazımdır ki, daxili borc daha dayanıqlıdır. Çünki daxili borc milli valyuta ilə olur. Strukturdan bəlli olduğu kimi, məhz daxili borclara daha çox üstünlük verilir. Daxili borcun həm milli valyuta da olması, həm də qaytarılma mexanizmi iqtisadiyyat üçün hər hansı bir risq formalaşdırmır. Ancaq onu da deyim ki, xarici borcun strukturu da praktik olaraq risqlərin kompensasiya edilməsi baxımından vacibdir. Struktura nəzər yetirilsə xarici borcun yarıdan çoxu 5 ildən uzun müddətə götürülən borclardır. Xarici borcun qaytarılma müddəti uzun olur. Bu səbəbdən də hesab edirəm ki, mövcud struktur və xarici borcun dövlət payı nəzərə alınarsa hazırda bu, ölkə iqtisadiyyatı üçün hər hansı bir risq formalaşdırmır”.
Akif Nəsirli: “Gələn il 28 milyard olacaqsa, növbəti ildə daha çox olacaq”
Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu vəziyyət həm indi, həm gələcək üçün təhlükə hesab edilir: “Bu, iqtisadi baxımdan heç də təqdirəlayiq hal deyil. Niyə bu qədər borclu olmalıyıq? Gələn il 28 milyard olacaqsa, növbəti ildə daha çox olacaq. 28 milyard ümumdaxili məhsulun 25 faizinə bərabərdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın yetəri qədər imkanları var ki, bu borc yaranmasın. Bunun üzərində dayanmaq lazımdır”.
Günel CƏLİLOVA