Yeni nazirlər və xidmət rəisləri gələn kimi bütün aparatı dəyişdirir - bu nə üsuldur?
İlqar Hüseynli: “Bu qətiyyən yaxşı praktika deyil”
Azərbaycanda son illər qəribə bir tendensiya yaranıb. Yüksək vəzifələrə təyin olunan şəxslər vəzifəyə başlar-başlamaz, ilk işi qurumu köhnə kollektivdən “təmizləmək” olur.
Yəni yeni təyin olunan nazirlər, agentlik sədrləri, bir sözlə, birinci şəxslər gələn kimi bütün aşağı rəhbər işçiləri dəyişirlər. Bu nə qədər doğru praktikadır?
“Bu məsələlərdə qohumbazlıq, dostbazlıq, yerlibazlıq kimi amillər özünü daha çox büruzə verir”
Sosial-iqtisadi sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə şərhində bunun doğru olmadığını bildirdi. “Ümumiyyətlə, bizim ölkədə qanunvericilik və icra orqanlarının tam olaraq yeri müəyyənləşdirilsəydi, yəni bizdə də proporsional seçki əsasında sistem formalaşsaydı, parlamentar dövlət idarəçiliyi olsaydı başa düşülərdi ki, hər siyasi partiya özünün komandası ilə hakimiyyətə gəlir. Məsələn, deyək ki, Gürcüstanda və digər ölkələrdə bu praktika var, Baş nazir öz yeni komandasını formalaşdırır, siyasi komandasında olan şəxsləri hakimiyyət pillələrinə gətirirlər”-deyə İ.Hüseynli bildirdi.
Azərbaycana gəldikdə, İ.Hüseynli bildirdi ki, burada prezident idarəçiliyi sistemidir. O vurğuladı ki, bu sistemdə nazirlər Prezident tərəfindən təyin olunur.
Ekspertin sözlərinə görə, Azərbaycanda yüksək vəzifəyə təyin olunan şəxslər də əsasən öz ətrafına yaxınlarını, qohumlarını yığmağa çalışır, bu səbəbdən də aşağı vəzifəli şəxsləri işlərindən azad edirlər.
“Yüksək vəzifəyə təyin edilən şəxslərin işçiləri dəyişdirməsi praktikası, özlərinin komandasını hakimiyyətdə icra strukturlarına daxil etməsi ümumiyyətlə Əmək qanunvericiliyi ilə tənzimlənən məsələdir. Hər bir şəxs nazirlikdə, komitədə, yaxud hansısa bir qurumda işə düzələrkən onunla əmək müqaviləsi bağlanılır. Əmək müqaviləsində konkret göstərilir ki, bu əmək müqaviləsi neçə illiyə, hansı müddətə, əmrlər hansı tarixə qədər qüvvədədir. Yox, əgər işçinin hər hansı bir nöqsanı olarsa, ciddi qanun pozuntusuna yol verərsə, onu Əmək Məcəlləsinin tələblərini pozuğuna görə işdən xaric etmək, yenisi ilə əvəzləmək olar. Amma bizdə əsasən belə olmur. Bu qətiyyən yaxşı praktika deyil. Bizdə bu məsələlərdə qohumbazlıq, dostbazlıq, yerlibazlıq kimi amillər özünü daha çox büruzə verir”-deyə İ.Hüseynli qeyd etdi.
İradə SARIYEVA