"Yeganə lazımi addım bu münaqişənin tək səbəbini aradan qaldıracaq konstitusiya dəyişikliyidir"
“Konstitusiya dəyişikliyinin Ermənistanın Baş naziri Nikol Paşinyan üçün nə qədər çətin olmasından danışarkən unutmamalıyıq ki, o, ən çətin işi artıq edib. O açıq şəkildə bildirib ki, Azərbaycana qarşı ərazi iddiaları yoxdur”.
Bu açıqlama ilə ABŞ-da səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Hudson” İnstitutunda keçirilən müzakirələr zamanı çıxış edib. O bildirib ki, N.Paşinyan hətta Azərbaycan ərazisi hesab etdiyi ərazini kvadrat kilometrinədək qeyd edib. Ölkənin xarici işlər naziri isə sülh sazişi layihəsinə daxil edilmiş 5 fundamental baza prinsipini qəbul etdiklərini açıqlayıb. SİTAT:
“Prinsiplərdən biri ölkələrin bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmətdir. Bu da indi və gələcəkdə istənilən ərazi iddiasından imtina etmək deməkdir. Paşinyandan gözlənilən onun ritorika və siyasi bəyanatlarını real vəziyyətə uyğunlaşdırmasıdır. Əgər o, sadəcə olaraq deyirsə ki, bu məsələni həll etmək onun üçün çətindir, çünki ölkə daxilində çətinliklərlə üzləşəcək, bu, bizim üçün zəif arqumentdir. Bizim ondan gözlədiyimiz baş nazir kimi elan etdiyi Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olması, Ermənistanın ona qarşı iddialarının olmaması və bunun əsasında da qonşuları ilə əlaqələrini normallaşadırmağa hazır olması barədə bəyanatlarını icra etməsidir. Yeganə lazımi addım bu münaqişənin tək səbəbini aradan qaldıracaq konstitusiya dəyişikliyidir." - E.Əmirbəyov bildirib.
Mətləb Salahov