Qırğızıstan prezidentini hiddətləndirən evlilik təklifi - Sadir Japarov qardaşı qızının nişanlısını həbs etdirdi...
Qırğızıstanın cənubunda ölümlə nəticələnən daşqınlar fonunda ölkə prezidenti Sadir Japarovun qardaşı qızına nişanlısı tərəfindən dəbdəbəli evlilik təklif edilməsi ölkədə də böyük rezonans doğurub.
Aftandil Sabırbekovun 2020-ci ildə "Qırğızıstan gözəli" seçilən nişanlısı 23 yaşlı Ləzzat Nurqojoeva ilə evlilik təklifində Qırğızıstan Fövqəladə Hallar Nazirliyinə məxsus helikopterdən istifadə etməsi prezident Sadir Japarovu qəzəbləndirib. Japarov belə bir vaxtda dəbdəbəli tədbirin dəstəklənməsinin qəbuledilməz olduğunu bildirib.
“Qardaşım qızına görə xalqdan üzr istəyirəm” deyən prezident yerli mediaya müsahibəsində bildirib ki, Sabırbekov qardaşı qızını sevmir və onunla yalnız özünə siyasi dəstək qazanmaq və qanunsuz əməllərini gizlətmək üçün evlənmək istəyir.
Sabırbekovun ictimaiyyət qarşısında üzr istəməməsi prezidenti səbrini daşırıb və iki həftə sonra qardaşı qızının nişanlısının həbsinə göstəriş verib.
Yerli mətbuat Sabırbekovun narkotiklə bağlı cinayətlərə görə həbs edildiyini bildirir.
Bu ilin ilk yarısında Qırğızıstanda 80 daşqın baş verdiyini bildirən fövqəladə hallar nazirinin müavini Azamat Mambetov bildirib ki, daşqınlar nəticəsində 6 ayda 22 nəfər həyatını itirib, 4 min 551 evə ziyan dəyib, 76 ev dağılıb. Bundan başqa, 68 ictimai bina, 404 kilometr daxili yol, 568 hektar ərazi, 69 körpü, 87 avtomobilə ziyan dəyib. A.Mambetov təbii fəlakətlər nəticəsində dəymiş maddi ziyanın 13 milyon dollar olduğunu bildirib. Təxliyə qərarlarının qəbul edildiyi rayonlarda 3 min 888 ailənin yaşadığını deyən A.Mambetov dövlət tərəfindən göstərilən dəstəyə baxmayaraq, bu ailələrin köçmədiyini qeyd edib.
TAHİR