Macarıstanla Polşa arasında diplomatik qalmaqal - - Orban Varşavanın Moskva ilə əlaqəsini açdı...
Macarıstanın Baş naziri Viktor Orbanın Baile-Tusnad şəhərində çıxışından sonra Varşava ilə Budapeşt arasında diplomatik qalmaqal yaranıb.
Belə ki, iyulun 27-də çıxışı zamanı Orban Polşanın yeni hakimiyyətini ikiüzlülükdə günahlandırıb. Onun sözlərinə görə, Polşa digər ölkələri Moskva ilə əlaqələrə görə qınayır, halbuki onlar özləri dolayı yolla bu əlaqələri saxlamaqda davam edirlər.
Bu çıxışı şərh edən Polşa xarici işlər nazirinin müavini Vladislav Teofil Bartoşevski deyib ki, Orban Aİ və NATO-nun “kənarındadır”, Varşavanın isə “Budapeştdən fərqli olaraq Rusiya ilə heç bir işgüzar əlaqələri yoxdur”.
Macarıstanın xarici işlər naziri Peter Siyarto isə “Facebook”da belə yazıb: “Biz Polşa-Macarıstan qardaşlığını qorumaq məqsədilə hazırkı Polşa hökumətinin təxribatlarına və riyakarlığına uzun müddət dözmüşük, lakin indi stəkan daşıb”.
Siyartonun sözlərinə görə, “Rusiyanın ən böyük neft emalı zavodlarından birinin müştərilərinin siyahısına diqqətlə baxsaq, orada polyakları görəcəyik. Bunda səhv bir şey yoxdur, çünki enerji təchizatı əvvəl-axır fiziki ehtiyaclara əsaslanır, lakin bu belədirsə, ikiüzlü olmağa və günahı başqalarının üzərinə atmağa ehtiyac qalmır”.
ZÜMRÜD