ABŞ xüsusi xidmət orqanları Trampa sui-qəsd edən şəxsin fotosunu əvvəlcədən əldə edibmiş...
ABŞ xüsusi xidmət orqanları keçmiş prezident Donald Trampa sui-qəsd etməyə çalışan Tomas Metyu Kruksun fotosunu əvvəlcədən əldə edib.
Trend xəbər verir ki, bu barədə "New York Times" qəzeti məlumat yayıb.
Nəşr yazır ki, Kruksun fotosu sui-qəsd cəhdindən 57 dəqiqə əvvəl ABŞ xüsusi xidmət orqanlarının əlində olub, lakin onlar Trampı müdafiə etmək üçün heç bir tədbir görməyiblər.
Belə ki, hüquq-mühafizə orqanlarının əks-snayper komandasının əməkdaşlarının yazışmalarından görünür ki, bir əməkdaş sui-qəsd cəhdindən yarım saat əvvəl Kruksun hərəkətlərindən şübhələndiyini, lakin onu gözdən itirdiyini bildirib və patrul əməkdaşlarının yoxlama keçirməli olduqlarını deyib.
Nəşr yazır ki, Tomas Metyu Kruks atışmadan 1 saat 45 dəqiqə əvvəl kiminsə diqqətini çəkib:
"Kimsə arxamızca gəldi, içəri girdi və avtomobillərimizin yanında saxladı. Sadəcə sizə xəbər verirəm, çünki siz mənim tüfənglə çıxaraq, onu maşına qoyduğumu gördünüz, yəni o (red. Kruks) bilir ki, siz oradasınız", - əks-snayperçi qrup çatında öz əməkdaşlarına xəbərdarlıq edib.