Regionlarda məşğulluqla bağlı yeni vəziyyət yaranır...
Xalid Kərimli: “Yaxşı olar ki, bölgələrdə sahibkarlıq inkişaf etdirilsin”
Müasir dünyanın ən ciddi problemlərindən biri də işsizlik, xüsusilə də gənclərin iş tapa bilməməsidir. Əslində, işsizlik bir çox ölkələr üçün yeni problem deyil. Hər bir ölkədə işsizliyin spesifik səbəbləri, səviyyəsi və nəticələri var. Təbii ki, bütün dünya üçün aktual olan bu problem ölkəmizdən də yan keçməyib. Dövlət bölgələrdə işsizliyin aradan qaldırılması məqsədilə fermer təsərrüfatlarına müvafiq subsidiya və kreditlər ayırmaqla yanaşı, müxtəlif layihələr də həyata keçirir. Bu tədbirlər həm də yoxsulluğun azalmasına yönəlib. Xüsusilə bölgələrdə kiçik sahibkarlığın inkişafına dəstək iqtisadiyyatın qeyri-neft sahəsində yeni iş yerlərinin açılmasına imkan yaradıb. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir, iqtisadiyyatın ayrı-ayrı sektorlarına sərmayələr yatırılır. Lakin regionların sosial-iqtisadi inkişafı ilə bağlı müxtəlif layihə və proqramlar həyata keçirilsə də, bir çox bölgələrdə işsizlik problemi hələ də öz həllini tapmayıb. Araşdırmalar zamanı müəyyən edilib ki, paytaxt Bakı ilə müqayisədə bölgələrdə işsizlik yüksək səviyyədədir.
“Sahibkarlar üçün bölgələrdə münbit mühit yaradılmayanda o gəlib öz işini Bakıda qurmağa meyl göstərir”
İqtisadçı ekspert Xalid Kərimli baki-xeber.com-a şərhində bildirdi ki, ölkədə müxtəlif dövrlərdə regionların inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilib, yoxsulluğun azaldılması ilə bağlı bir neçə proqram gerçəkləşdirilib: “Amma bu problemin həlli o qədər asan deyil. Rayonlardakı işsizliyi aradan qaldırmaq üçün yeni iş yerləri olmalıdır. Dövlət öz strukturlarında - təhsil, səhiyyə, icra hakimiyyəti sektorunda nə qədər mümkündürsə, iş yeri açıb. Yaxşı olar ki, bölgələrdə sahibkarlıq inkişaf etdirilsin. Özəl sektorun inkişafına şərait yaradılmalıdır. Sahibkarlar üçün bölgələrdə münbit mühit yaradılmayanda o gəlib öz işini Bakıda qurmağa meyl göstərir. Bakı ilə müqayisədə rayonlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara bəzi güzəştlər nəzərdə tutulsa da, rayonlarda qurulan iş mərkəzdə qurulan iş qədər effekt vermir. Hesab edirəm ki, bu, təbii prosesdir”.
Günel CƏLİLOVA