“Yarıcan olmuş” kredit ittifaqları niyə ləğv edilmir?
Xalid Kərimli: “Kredit ittifaqları ölkənin maliyyə sektoru üçün əhəmiyyətli qurum deyil”
Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,7 milyon manat zərərlə başa vurub. Bu, ötən ilin eyni dövrünə nisbətən 80 % çoxdur. Qeyd edək ki, son illər kredit ittifaqları ili zərərlə başa vurduqlarını etiraf edirlər.
Bu qurum artıq neçə ildir ki, mənfəət əldə edə bilmədiyini iddia edir. Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirib ki, kredit ittifaqlarına mənfəətlə işləmək sərf etmir: “Kredit ittifaqları süni yolla zərərə çıxırlar ki, vergi verməsinlər. Zərər də necə meydana çıxır? Guya kimsə kreditini vaxtında ya heç qaytarmır, ya da kredit batır”.
Maraqlıdır, kredit ittifaqları kredit verdiyi pulu hardan əldən edir? Bu qurum mütəmadi olaraq ziyanla işləyirsə niyə fəaliyyəti davam etdirilir?
“Bu qurumlar ili zərərlə başa vursa da, onların fəaliyyətinin dayandırılması sahibkarların verəcəyi qərardan asılıdır”
İqtisadçı ekspert Xalid Kərimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, kredit ittifaqları böyük maliyyə qurumu sayılmır: “Kredit İttifaqları” haqqında qanun var. Həmin qanunda qeyd edilir ki, bu qurum könüllülük prinsipi əsasında fəaliyyət göstərir. Könüllülük əsasında fiziki şəxslər və kiçik sahibkarlar toplaşır. Bunlar öz pullarını ortaya qoyur və bir-birinə kredit verir. Bank və BOKT-dan fərqli olaraq, kredit ittifaqları geniş kütləyə kredit vermir. Məlumdur ki, BOKT-lar təsisçinin qoyduğu vəsait və digər banklardan əldə etdiyi kredit hesabına aylıq pul verir. Ancaq Kredit İttifaqları şəxsi vəsaitləri hesabına və yalnız öz əhatələrinə kredit verir”.
Həmsöhbətimizin sözlərinə görə, kredit ittifaqları neçə ildir ki, ili zərərlə başa vurur: “Bu qurumlar ili zərərlə başa vursa da, onların fəaliyyətinin dayandırması sahibkarların verəcəyi qərardan asılıdır. Onu da deyim ki, Kredit Təşkilatlarında da minimum nizamnamə kapitalı məsələsi var. Təşkilatların minimum nizamnamə kapitalı böyük məbləğ deyil”.
X.Kərimli hesab edir ki, kredit ittifaqları ölkənin maliyyə sektoru üçün əhəmiyyətli qurum deyil.
Günel CƏLİLOVA