"Azərbaycanın bu yanaşmasını alqışlayıram" - BMT rəsmisi
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Azərbaycanın Vahid Sağlamlıq yanaşmasına marağını alqışladığını bildirib. ÜST-nin Azərbaycandakı Ölkə Ofisi “Vahid Sağlamlıq: sektorlararası dialoqla COP29-a hazırlıq” adlı simpoziumda çıxış edən V.Andreeva bildirib ki, Vahid Sağlamlıq insanların, heyvanların və ekosistemlərin ayrı-ayrılıqda saxlanılması əvəzinə, bu sahələri birləşdirərək onların sağlamlığını optimallaşdırmaq üçün bir yanaşmadır: “Bu sektorlar üzrə səyləri birləşdirməklə biz sağlamlıq risklərinin qarşısını daha effektiv şəkildə ala və idarə edə bilərik. Mən Azərbaycanın Vahid Sağlamlıq yanaşmasına marağını çox alqışlayıram. Ümid edirəm ki, bugünkü simpozium Vahid Sağlamlıq mövzusunda sektorlararası dialoqa başlayacaq. Əməkdaşlıq və tərəfdaşlıq Vahid Sağlamlığın mərkəzindədir. Bu, hökumətlərin, beynəlxalq təşkilatların, elmi dairələrin və vətəndaş cəmiyyətinin birgə səylərini tələb edir. Bu maraqlı tərəflərin bu gün burada olduğunu qeyd etməkdən məmnunam”.
Mətləb Salahov