Ötən il dünyada hər 11 nəfərdən biri aclıqla üzləşib - BMT-dən ürəkağrıdan HESABAT
BMT “Qlobal qida təhlükəsizliyi və qidalanmanın vəziyyəti - 2024” (SOFI) adlı son hesabatını açıqlayıb. İyulun 24-də dərc edilən ərzaq təhlükəsizliyi ilə bağlı son hesabatda deyilir ki, keçən il qlobal aclıq səviyyəsi yüksəlib. Belə ki, dünyada hər 11 nəfərdən biri aclıqla üzləşib. Bu, COVID-19 pandemiyasından sonra üçüncü ildir artan tendensiyadır.
BMT agentliklərinin SOFI hesabatına görə, dünya 2030-cu ilə qədər sıfır aclıq hədəfinə çatmaqdan çox uzaqdır. Sənəddə 2023-cü ildə dünyada 757 milyon insanın, Afrikada isə hər beş nəfərdən birinin aclıqla üzləşə biləcəyinə diqqət çəkilir. 2019-cu ildəki orta səviyyə nəzərə alınmaqla, bu, əvvəlki ilə nisbətən təxminən 152 milyon nəfər çoxdur.
Hesabatda Afrikada aclığın hələ də artdığı, lakin Asiyada nisbətən dəyişməz qaldığı, Latın Amerikası və Karib hövzəsi regionunda nəzərəçarpacaq irəliləyişin əldə edildiyi qeyd olunub. Afrika 20,4 faiz göstərici ilə ən çox aclıq olan qitədir. Asiyada bu göstərici 8,1 faiz, Latın Amerikası və Karib hövzəsində 6,2 faiz və Okeaniyada 7,3 faizdir.
Mətləb Salahov