3-cü Dünya Müharibəsi təhlükəsi böyüyür - Putin 5-8 ilə NATO ilə müharibəyə başlayacaq...
Son zamanlar Rusiya-Ukrayna müharibəsi, İsrail-HƏMAS savaşı, Tayvan və Çin arasında gərginliyin artması III Dünya Müharibəsi mövzusunu yenidən gündəmə gətirib. Bütün bunların fonunda düyadan ard-arda III Dünya Müharibəsi xəbərdarlıqları edilir.
Ekspertlər xüsusilə Qərb ölkələrinin bir-birini dəstəklədiyini və silah ehtiyatı yığdığını vurğulayır. Bu yaxınlarda Rusiya Senatının Beynəlxalq Əlaqələr Komitəsinin sədrinin birinci müavini Vladimir Cabarov xəbərdarlıq edib ki, NATO gəmiləri Qara dənizə girsə, müharibə başlayacaq.
Ən son belə bir xəbərdarlıq Serbiyadan gəlib. Serbiya prezidenti Aleksandr Vuçiç bildirib ki, Qərb Rusiya ilə hərbi münaqişəyə hazırlaşır. Vuçiç Qərbin hazırda Rusiya ilə birbaşa qarşıdurmaya hazır olmadığını, buna görə də uzaqdan başqaları vasitəsilə, yatırım qoyaraq müharibə aparmaq istədiyini bildirib. O, Qərbin hələlik birbaşa müharibəyə hazır olmadığını, ancaq gələcəkdə hazır olacağını düşündüyünü deyib: “Onlar Rusiya Federasiyası ilə münaqişəyə hazırlaşırlar və proses qat-qat sürətli gedir. Biz bunu onların hərbi hazırlıqlarından bilirik, necə irəlilədiklərini bilirik. Və bunu sizə demək istəyirəm ki, onlar hərbi münaqişəyə hazırlaşırlar”.
Bu arada, Britaniyanın yeni Baş Qərargah rəisi Roland Uoker deyib ki, ölkə Rusiya, Çin və İrandan gələn bir sıra təhdidlər qarşısında üç il ərzində mümkün hərbi münaqişəyə hazır olmalıdır.
"Müharibə qaçılmaz deyil və ordunun müharibəyə hazırlaşmaq və qarşısını almaq üçün kifayət qədər vaxtı var. Əsas vəzifə Britaniya ordusunun döyüş gücünü 2027-ci ilə qədər ikiqat artırmaqdır", - deyə Uoker bildirib.
O, deyib ki, Britaniyanın qarşıdakı illərdə üzləşəcəyi ən mühüm təhlükələr arasında müharibənin nəticəsindən asılı olmayaraq, Ukraynanı dəstəklədiyinə görə Qərbdən qisas ala biləcək “qəzəbli Rusiya” var. "Düşünürəm ki, Rusiya bu vəziyyətdən şübhəsiz daha zəif çıxacaq, lakin o, hələ də çox təhlükəlidir və Ukraynaya kömək etdiyimizə görə bir növ qisas almaq istəyəcək", - general bildirib.
Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi Karsten Breuer isə deyib ki, Rusiya ildə 1500-ə yaxın tank istehsal edir və hərbi qüvvələrin qurulmasında Avropanın ən böyük NATO ölkələrindən əhəmiyyətli dərəcədə üstün olduğunu deyib. Alman zabit iddia edib ki, “beş-səkkiz ildən sonra Putinin Şimali Atlantika Alyansı ilə müharibəyə başlamaq imkanı olacaq”. Breuer, “Rusiya ordusu hər il 1000-1500 tankla doldurulur. Avropanın beş ən böyük NATO üzvü bu rəqəmin yalnız yarısına malikdir. Almaniyanın anbarlarında təxminən 300 döyüş tankı var. Biz ehtiyatlı olmalıyıq" – deyə Breuer bildirib.
Tahir TAĞIYEV