Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurası olacaq - nəyi dəyişəcək?...
İlqar Orucov: “DİM-in Müşahidə Şurasının yaranması mərkəzin fəaliyyətində yeni səhifə açacaq”
Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır.
Maraqlıdır, DİM-in Müşahidə Şurasının yaradılması hansı dəyişikliklərə səbəb olacaq?
“Müşahidə Şurasının yaranması idarəetmə də şəffaflığın və kollegiallığın təmin olunmasına tərəflənmiş bir formatdır”
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Dövlət İmtahan Mərkəzi Azərbaycanın əmək bazarı üçün kadr seçən funksional işlər görür: “Məlumdur ki, DİM Dövlət Qulluğuna iş imtahanı keçirir, eyni zamanda, bu qurum tələbə qəbulunu da həyata keçirir. Ümumiliklə, bu qurum ölkənin kadr potensialını formalaşdırır. Tələbə qəbul edir, işə qəbul olmaq istəyənlər üçün şərait yaradır”.
Həmsöhbətimiz hesab edir ki, Müşahidə Şurasının yaranması idarəetmədə şəffaflığın və kollegiallığın təmin olunmasına tərəflənmiş bir formatdır: “Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurasının formalaşması bu sahəyə müsbət təsir edəcək. Onu da deyim ki, DİM-in Müşahidə Şurasının yaranması mərkəzin fəaliyyətində yeni səhfə açacaq. İdarəetmınin təkmilləşməsinə ehtiyac var idi. Şuranın yaranması Mərkəzin fəaliyyətinə müsbət təsir edəcək. Müşahidə Şurasının yaranması ilə Azərbaycanın elm və təhsil sahəsində inkişafı görəcəyik. Zamanla bu sahədə yaşanacaq müsbət dəyişiklik özünü göstərəcək”.
Günel CƏLİLOVA