NATO ölkələri narahatdır - Tramp gəlir, ciddi tələbləri olacaq
ABŞ-ın sabiq prezidenti Donald Tramp yenidən Ağ evin rəhbəri seçiləcəyi təqdirdə NATO üzvlərindən hərbi xərclərini ümumdaxili məhsulun (ÜDM) üç faizinə qaldırmalarını tələb edə bilər.
"Bloomberg" yazır ki, Trampın müşavirləri artıq bu ideyanı ona təklif ediblər.
Müzakirələrlə tanış olan mənbənin sözlərinə görə, sabiq prezidentin komandası bu tələbin Donald Trampın rəsmi mövqeyinə daxil edilib-edilməməsi ilə bağlı hələlik yekun qərar verməyib.
Ekspertlərin hesablamalarına görə, hərbi xərclərin ÜDM-in 3 faizi səviyyəsində müəyyən edilməsi Almaniyanın növbəti 10 il ərzində hərbi ehtiyaclara təxminən 900 milyard dollar daha çox xərcləmək məcburiyyətində qalmasına, Fransa, İtaliya, İspaniya və Kanadanın hər birinin xərclərinin isə 500 milyard dollara çatmasına səbəb ola bilər.
“Politico” qəzetinin iyulun 2-də yaydığı məlumata görə, ABŞ prezidentliyinə namizədliyini irəli sürən Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə NATO-nun şərqə doğru genişlənməsinin qarşısını almaq və Şimali Atlantika Alyansının bəzi ölkələrini Vaşinqtonun təhlükəsizlik zəmanətindən məhrum etmək imkanlarını nəzərdən keçirir. Sabiq dövlət başçısının planına görə, ÜDM-in iki faizindən azını müdafiə sahəsinə ayıran NATO üzvləri ABŞ-dan yardım və təhlükəsizlik zəmanəti ala bilməyəcəklər.
Qeyd edək ki, NATO üzvləri arasında yalnız Yunanıstan, Polşa və ABŞ hazırda ümumdaxili məhsulunun üç faizdən çoxunu hərbi xərclərə ayırır.
ZÜMRÜD