Paşinyan COP29-da iştirak edib-etməyəcəyini avqustda açıqlayacaq
Ermənistanın baş naziri Nikol Paşinyan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edib-etməyəcəyini avqustda açıqlayacaq. Trend xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.
Nəşr yazır ki, Paşinyan avqust ayında mətbuat konfransı keçirəcək və burada Ermənistanın Azərbaycan tərəfindən COP29-a dəvət olunması məsələsinə toxunacaq.
Xatırladaq ki, bu yaxında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bunu Şuşada keçirilən II Qlobal Media Forumunda Azərbaycanın Ermənistanı СОР29-a dəvət etdiyini bildirib.
Hikmət Hacıyev COP29-un Prezidenti Muxtar Babayevin Ermənistan xarici işlər nazirinə rəsmi dəvət məktubu ünvanladığını nəzərə çatdırıb: "Biz Ermənistanı rəsmən COP29-a dəvət etmişik. İki ölkə arasında diplomatik münasibətlərin olmadığı halda bu dəvət Azərbaycanın xoş iradəsini və inklüziv yanaşmasını göstərir. İndi Ermənistan hakimiyyətinin qərar qəbul etməsi zamanı çatıb".
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.