Macarıstan Avropa Sülh Fondundan Ukraynaya yardımı blokladı - “Drujba” ilə neft nəqli bərpa edilməyənə qədər...
Macarıstan Avropa İttifaqı Sülh Fondundan Ukraynaya edilməsi planlaşdırılan yardımı bloklayacağını bəyan edib.
Macarıstan Xarici İşlər Nazirliyi bildirir ki, bu qərar Ukraynanın Rusiya neftinin “Drujba” kəməri ilə Macarıstana nəqlini dayandırmaq qərarına cavab olaraq qəbul edilib. Qeyd edilib ki, rus şirkəti “Lukoyl” neftinin tranzitinə icazə verilənə qədər Kiyevə silah tədarük edən Avropa İttifaqına üzv dövlətlərə ödəmələr əngəllənəcək.
Xarici işlər naziri Siyarto bildirib ki, onlar Avropa Komissiyasının “Drujba” ilə neft nəqlinin yenidən başlanması üçün Ukraynaya təzyiq göstərəcəyini gözləyirlər. Nazir bildirib ki, bu məsələ Ukrayna tərəfindən həll olunana qədər, hamı Avropa Sülh Fondundan silahların verilməsinə görə 6,5 milyard avro ödəməni almağı unutmalıdır.
Kiyevdə bildirirlər ki, “Lukoyl” neftinin öz ərazilərindən tranzitinə qadağa qoyublar, lakin “Drujba” kəmərindən keçən neftin ümumi həcmi azalmayıb, çünki sözügedən kəmər digər təchizatçılara da xidmət edir.
Bu arada, “İnterfaks” agentliyi xəbər verir ki, Rusiyanın “Lukoyl” neft şirkəti iyulda Macarıstana neft nəqlini yeniləməyib. Agentliyə danışan mənbələr bildiriblər ki, şirkət “Drujba” kəməri üzərindən Macarıstan və Slovakiyaya ixrac etdiyi nefti digər ölkələrə nəql edəcək.
“Drujba” kəməri Rusiyanı Şərqi Avropanın keçmiş sosialist bloku ölkələri ilə birləşdirir.
TAHİR