Ərdoğanla Əsəd arasında ilk görüş Moskvada olacaq – masada İraq da olacaq, İran dəvət olunmayacaq…
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Bəşər Əsədin münasibətlərin normallaşdırılması ilə bağlı açıqlamalarından sonra liderlər səviyyəsində ilk zirvə görüşünün təfərrüatları ortaya çıxmağa başlayıb.
Türkiyə ilə Suriya arasında normallaşma addımlarının irəliləməsində faydalı olacaq kritik zirvənin Rusiyanın paytaxtı Moskvada baş tutacağı bildirilib.
Suriyadakı vətəndaş müharibəsindən sonra prezident Ərdoğan və Əsədin ilk dəfə üz-üzə görüşəcəyi üçüncü ölkə kimi Bağdad tövsiyə edilmişdi. “Daily Sabah” mənbəyə istinadən, Ərdoğan və Əsəd arasında ilk görüşün Moskvada keçirilməsinin planlaşdırıldığını yazıb. Mənbə onu da bildirib ki, danışıqlara Rusiya prezidenti Vladimir Putinin vasitəçilik etməsi planlaşdırılır. Həmçinin bildirilib ki, İraqın baş naziri Məhəmməd Şia əl-Sudani də görüşə dəvət oluna bilər, lakin böyük ehtimalla İran dəvət olunmayacaq. Bölgədə aktiv gücü olan İranın Türkiyə-Suriya münasibətlərinin normallaşmasına mənfi yanaşdığı qeyd edilir. Moskvanın Dəməşqdəki müttəfiqi İran həm də Astana prosesində Türkiyə və Rusiya ilə birlikdə masa arxasında üçüncü ölkə idi.
Mənbə görüşün avqustda baş tuta biləcəyini bildirib. Türkiyə Xarici İşlər Nazirliyindən isə bildirilib ki, bununla bağlı Prezident Adminstrasiyasına müraciət edilməlidir. Ancaq sonradan XİN görüş xəbərlərini təkzib edib.
Kremlin mətbuat katibi Dmitri Peskov isə deyib ki, hazırda görüşlə bağlı daha konkret nəsə demək mümkün deyil. O, bildirib ki, Rusiya Ərdoğanla Əsədin Moskvada keçiriləcək görüşünə kömək edəcək. "Bu cür təmasların təşkilinə şərait yaradılması gündəmdə duran məsələlərdəndir. Bir çox ölkələr və təbii ki, regionda mühüm rol oynayan bir dövlət kimi, Rusiya Türkiyə və Suriyaya münasibətlərin yoluna qoyulmasında kömək etməkdə maraqlıdır".
Tahir TAĞIYEV